ƏLƏT-QAZIMƏMMƏD AVTOMOBİL YOLUNUN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ
Dövlətimizin başçısı xüsusi ayrılmış avtobusla müasir standartlara cavab verən yeni yolun təqribən 14 kilometr məsafəsini gəzərək, asfalt örtüyünün keyfiyyəti, yolun rahatlığı ilə tanış oldu.
Prezident İlham Əliyev əlaqədar orqanlara yeni salınmış yol boyu ərazilərdə abadlıq, yaşıllaşdırma işlərinin aparılmasını tapşırdı, bunun gözəl mənzərə yaradacağını vurğuladı.
X X X
Mərasim başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlərə müsahibə verdi.
SUAL: Cənab Prezident fevralın 19-da Macarıstanda baş vermiş hadisə ilə əlaqədar nə deyə bilərsiniz?
CAVAB: İstintaq gedir. İstintaq qurtarsın, ondan sonra bəlli olacaqdır. Hələ heç kimi təqsirləndirmək lazım deyil. İstintaq göstərəcəkdir.
SUAL: Cənab Prezident, vəkilin təyin olunması üçün rəsmi olaraq hansı addımlar atılıbdır?
CAVAB: Bizim xarici işlər naziri bu məsələ ilə məşğul olur. Mən hadisə baş verəndən sonra xarici işlər nazirinə tapşırıq vermişdim. Bilirsiniz ki, bizim Avstriyadakı konsulumuz oraya ezam olunmuşdur. Xarici İşlər Nazirliyi bu məsələ ilə məşğuldur. Nə kimi kömək lazımdırsa, o da ediləcəkdir.
SUAL: Cənab Prezident, xaricdə fəaliyyət göstərən erməni təşkilatları və Ermənistan rəhbərliyi çalışırlar ki, bu hadisədən gələcək danışıqlar prosesində öz məqsədləri üçün istifadə etsinlər. Sizcə, bu, danışıqlar prosesinə təsir göstərə bilərmi?
CAVAB: Mən hesab etmirəm ki, təsir etsin. Düzgün qeyd edirsiniz, Ermənistan və ermənipərəst qüvvələr bundan istifadə etmək istəyirlər. Amma, sizə deyə bilərəm ki, beynəlxalq təşkilatlar da Ermənistan tərəfindən aparılan kampaniyaya çox mənfi münasibət bildirirlər.
Bu günlərdə mənim Terri Devislə söhbətim olubdur. Ona bildirdim ki, hər il təmas xəttində belə hadisələr çox olur. Ona görə bu hadisəni şişirdib şou yaratmaq heç kimə şərəf gətirmir. Mən məsləhət görərdim ki, bu məsələdən istifadə etmək istəyənlər bundan əl çəksinlər. Bu, adi bir hadisədir. Fərdi qaydada baş vermiş hadisədir. Deməyə əsas var ki, bu məişət zəminində baş vermiş hadisədir. Buna başqa bir siyasi don geyindirmək düzgün deyildir.
SUAL: Cənab Prezident, dəfələrlə bəyan etmisiniz ki, əgər sülh danışıqları nəticə verməsə və torpaqlarımız danışıqlar nəticəsində azad olunmasa, Azərbaycan öz torpaqlarını güc yolu ilə geri alacaqdır. Bu baxımdan danışıqlara hansısa bir vaxt həddi qoymaq olarmı?
CAVAB: Müddət qoymaq çətindir. Əlbəttə, elə ən asanı o olardı ki, müddət qoyulsun. Amma hər şey danışıqların gedişindən asılı olacaqdır. Hələlik ümidlər var ki, danışıqlar hansısa bir nəticəyə gətirib çıxaracaqdır. Bilirsiniz ki, beynəlxalq ictimaiyyət son aylar ərzində bu məsələyə çox ciddi yanaşmağa başlayıbdır. Avropa Şurası, Avropa Birliyi, digər qurumlar artıq bu məsələ ilə əlaqədar öz qəti fikirlərini bildirirlər. O fikirlər də reallığı, həqiqəti, beynəlxalq hüquq normalarını əks etdirir. Bizim də məqsədimiz odur ki, bu münaqişəyə yalnız beynəlxalq hüquq normaları prizmasından baxılsın. Hesab edirəm ki, hazırda Azərbaycan üçün əlverişli şərait yaranır. Ona görə münaqişənin həlli istiqamətində yeni addımlar da olacaqdır. Mən ümid edirəm ki, biz buna danışıqlar yolu ilə nail ola bilərik.
SUAL: Cənab Prezident, Xocalı faciəsi ilə bağlı Azərbaycan parlamentində hansı addımlar atılmalıdır ki, bu faciəni başqa dövlətlərin parlamentlərində tanınmasına nail ola bilək. Bunun üçün bizim parlamentdə demək olar ki, heç bir praktiki addım atılmayıbdır.
CAVAB: Bilirsiniz, gərək bununla bütün ictimaiyyət məşğul olsun. Əgər Ermənistanın iddia etdiyi uydurma “soyqırımı” ilə analogiya aparsaq, görərik ki, bunun bəzi parlamentlərdə müzakirəsində, yanlış qərarların qəbul olunmasında heç də Ermənistan parlamentinin rolu olmayıbdır. Ermənistanın müxtəlif qurumlarının, qeyri-hökumət təşkilatlarının, lobbi təşkilatlarının, ictimai təşkilatlarının fəaliyyəti olubdur. Əgər bizim qeyri-hökumət təşkilatları bu vəzifəni öz üzərlərinə götürsələr, hesab edirəm, bu, daha yaxşı olardı. Təəssüf edirəm ki, onların bəzilərinin fəaliyyəti digər istiqamətə yönəlibdir. Düşünürəm ki, ilk növbədə, ictimai təşkilatlar, ictimaiyyət, qeyri-hökumət təşkilatları və xaricdə yaşayan azərbaycanlılar bu istiqamətdə fəal olmalıdırlar.
SUAL: Cənab Prezident, ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanla bağlı tənqidi fikirlər vardır. Bununla əlaqədar nə deyə bilərsiniz?
CAVAB: Hesabatla tanış oldum, mənə məruzə elədilər. Burada elə bir böyük problem görmürəm. Eyni zamanda, digər ölkələrə aid olan hissələri də oxudum. Deyə bilərəm ki, orada MDB ölkələri və digər ölkələr tənqid olunur. Mən buna böyük önəm verməyi məsləhət görməzdim. Bu, hər il baş verən bir hadisədir. Demək olar ki, hər il hesabatdakı fikirlər təkrarlanır və təkcə biz tənqid olunmuruq, digər ölkələr də tənqid edilir. Əgər bu tənqid əsaslıdırsa, əlbəttə, hər bir ölkə özü üçün nəticə çıxarmalıdır. Yox, əgər qərəzlidirsə, əlbəttə, buna əhəmiyyət verilməyəcəkdir. Mən məsələyə bu prizmadan yanaşıram. Sağ olun.
X X X
Açılış mərasimində Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, iqtisadi siyasət üzrə dövlət müşaviri Vahid Axundov, iqtisadi inkişaf naziri Fərhad Əliyev, daxili işlər naziri Ramil Usubov, Türkiyənin ölkəmizdəki səfiri Əhməd Ünal Çeviköz və digər rəsmi şəxslər iştirak edirdilər.