ƏLƏT-QAZIMƏMMƏD AVTOMOBİL YOLUNUN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ
NƏQLİYYAT NAZİRİ ZİYA MƏMMƏDOVUN ÇIXIŞI
İcazə verin, Böyük İpək yolunun bir hissəsi olan Ələt-Qazıməmməd avtomobil yolunun yenidən tikilərək istismara verilməsi münasibətilə keçirilən bu təntənəli mərasimdə vaxt tapıb şəxsən iştirak etməyinizdən böyük şərəf duyduğumuzu ifadə edim, Zati-alinizə respublika nəqliyyatçılarının salamlarını, dərin hörmət və ehtiramını çatdırım.
Möhtərəm cənab Prezident!
Hörmətli xanımlar və cənablar!
Əziz qonaqlar!
XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində Azərbaycanın iqtisadi tərəqqisində misilsiz xidmətləri olan ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulan böyük layihələrdən daha birinin reallaşmasının şahidiyik. Görkəmli dövlət xadiminin şəxsi qayğısı sayəsində ölkənin inkişafında mühüm rol oynayan yol-nəqliyyat kompleksi böyük inkişaf yolu keçərək müasir səviyyəyə çatmışdır və hazırda iqtisadiyyatın aparıcı sahələrindən biri olaraq ahəngdar fəaliyyət göstərir.
Ölkəmizdə yaradılmış çoxşaxəli nəqliyyat sistemi müstəqil Azərbaycanın memarı Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi və iqtisadiyyatımızın gücləndirilməsi işinə müstəsna töhfələrindən biridir.
Hörmətli xanımlar və cənablar, ulu öndərimiz, ümummilli liderimiz, Heydər Əlirza oğlu Əliyevin əbədi xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasını rica edirəm.
Mərasim iştirakçıları Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Hörmətli mərasim iştirakçıları!
Möhtərəm cənab İlham Əliyevin ölkə Prezidenti seçilməsindən sonra bütün sahələrdə olduğu kimi, yol-nəqliyyat kompleksinin inkişafında, o cümlədən avtomobil yollarının tikintisində yeni mərhələ açılmışdır. Cənab Prezident, Ələt-Qazıməmməd atomobil yolunun inşasının başa çatdırılması Sizin rəhbərliyiniz altında əldə olunacaq daha böyük nailiyyətlərimizin başlanğıcıdır. Avropa ilə Asiya arasında həm Şərqdən Qərbə, həm də Şimaldan Cənuba körpü rolunu oynayan Azərbaycanda nəqliyyatın inkişafı mühüm strateji və iqtisadi məsələlərdəndir.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin fəal iştirakçısı olan Azərbaycan Respublikasının nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2003-cü ildə 92,1 milyon ton yük daşınmışdır ki, bu da 2002-ci ilə nisbətən 11,5 faiz çoxdur. Müsbət haldır ki, yükdaşımalarının 65,7 faizi özəl qurumların payına düşür. Sərnişin daşımaları 2002-ci ilə nisbətən 2003-cü ildə 2,3 faiz artaraq 791,1 milyon nəfərə çatmışdır. Bunun 84,8 faizi özəl sektorun payına düşür.
Ümumilikdə isə 5 il əvvəlki dövrlə müqayisədə 2003-cü ildə daşımaların həcmi 2,3 dəfə artmışdır. Azərbaycan Respublikası həm də Şimal-Cənub nəqliyyat dəhlizinə qoşulmaq və bu layihənin fəal iştirakçısı olmaq üçün lazımi işlər görür.
Möhtərəm cənab Prezident!
Son beş ildə yol-nəqliyyat kompleksinə 2 trilyon manatdan çox (400 milyon ABŞ dolları) sərmayə qoyulmuşdur. 2004-cü ildə isə bu kompleksin inkişafına 800 milyard manat (160 milyon dollar) həcmində sərmayə qoyulması nəzərdə tutulmuşdur. Bunun 400 milyard manatı (80 milyon dolları) respublikanın avtomobil yollarının tikintisinə və yenidən qurulmasına sərf olunacaqdır. 2004-2007-ci illərdə Ələt-Gəncə-Qazax, Bakı-dairəvi, Biləsuvar-İran sərhədi, Culfa-Ordubad, 2010-cu ilədək Ələt-Astara, Bakı-Quba avtomobil yolları yenidən tikilməlidir. Bu yolların ümumi uzunluğu 900 kilometrdən artıqdır. Bunun üçün təqribən 4 trilyon manat (800 milyon dollar) sərmayə tələb olunur.
Nəqliyyat Nazirliyi yarandıqdan sonra avtomobil yollarına xidmət edən bir neçə müəssisə daxili imkanlar hesabına yenidən bərpa edilmiş, o cümlədən 5 yeni asfalt zavodu qurulmuş və 300 nəfər vətəndaş daimi işlə təmin olunmuşdur.
Son yarım ildə 200 kilometrdən artıq avtomobil yolları cari, orta və əsaslı təmir edilib və bu məqsədlə 500 min ton asfalt istifadə olunmuşdur. Eyni zamanda, yol təmiri işləri üçün 110 ədəd yeni texnika və avadanlıq alınmışdır. Bu müddət ərzində yol işçilərinin orta aylıq əmək haqqı 220 min manatdan 440 min manata çatdırılmışdır.
2004-cü ildə yol-nəqliyyat kompleksinə daxil olan qurumlarda 1500 yeni daimi iş yerlərinin yaradılması təmin olunacaq, 2000-dən artıq işçi investisiya layihələrinə cəlb ediləcəkdir.
Möhtərəm cənab Prezident!
Yol-nəqliyyat kompleksində bir çox problemlər də var və onların həlli üçün əməli tədbirlərin görülməsi qarşımızda duran ən vacib məsələlərdəndir. Bunun üçün səylərimizi daha da artıracaq və bütün imkanlar səfərbər olunacaqdır.
“Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” və “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın (2004-2008-ci illər) təsdiq edilməsi haqqında” Prezident Fərmanlarının icrası ilə bağlı olaraq, yol-nəqliyyat kompleksinə daxil olan nəqliyyat qurumlarının infrastrukturlarının təkmilləşdirilməsi, iqtisadi rayonlar üzrə tədbirlər planına əsasən, rayonlararası və rayondaxili yolların, körpülərin bərpası və tikintisi, eləcə də dəniz və hava limanlarının, dəmir yollarının inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılacaqdır.
Bununla yanaşı, ölkəmizin vahid nəqliyyat siyasətinin formalaşdırılması, islahatların aparılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, habelə beynəlxalq təşkilatlar və qurumlarla əməkdaşlığın genişləndirilməsi vacib məsələlərdəndir.
Nəqliyyat əlaqələrindəki problemləri aradan qaldıran bu müasir magistralın tikintisində, maliyyələşdirilməsində, layihələşdirilməsində iştirak edənlərə, Küveyt Fonduna, İslam İnkişaf Bankına, “Turan Xəzinədaroğlu” və “Öztac İnşaat Ticarət Məlzəmləri” şirkətlərinə və bu işdə əməyi olan bütün insanlara dərin təşəkkürümüzü bildiririk.
Möhtərəm cənab Prezident!
Sizi əmin edirəm ki, respublika nəqliyyatçıları qarşıda duran vəzifələri şərəflə yerinə yetirəcək və Sizin yüksək etimadınızı doğrultmaq üçün daha əzmlə çalışacaqlar.
Ölkəmizin nəqliyyat sisteminin işinə və burada çalışanların sosial qayğılarına göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə bir daha dərin minnətdarlığımızı bildirirəm.
Diqqətinizə görə çox sağ olun!
X X X
Çıxış üçün Küveyt Ərəb İqtisadi İnkişaf Fondunun iqtisadi məsələlər üzrə müşaviri Tariq əl-Menayesə söz verildi.