Əli Rəcəbov: Karatenin WKF versiyası Azərbaycanda sürətlə inkişaf edir
Bakı, 14 fevral, AZƏRTAC
1999-cu ildən karatenin WKF versiyası üzrə məşqlərə başlamışam və hazırda “Qaraqaplan” klubunda məşqçi kimi fəaliyyət göstərirəm. Azyaşlı olmalarına baxmayaraq tələbələrim beynəlxalq və ölkə yarışlarında yaxşı nəticələr göstəriblər.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Qaraqaplan” klubunun məşqçisi Əli Rəcəbov bildirib.
Bu idman növünün Azərbaycanda sürətlə inkişaf etdiyini söyləyən məşqçi deyib: “Yetirmələr hazırlığa yüksək əhval-ruhiyyədə gəlirlər. Onlarda olan maraq məni çox sevindirir. Tələbələrimdən 25 kiloqram çəki dərəcəsində çıxış edən Orxan Musayev, Rafael Zeynalov, Mədinə Kazımov və Yusif Cəfərov həm məşqlərdə, həm də yarışlarda fərqlənirlər. Tələbələrə tək karate öyrətməklə kifayətlənmirik. Məşq zamanı onlar akrobatik və gimnastik hərəkətləri də yerinə yetirirlər”.
Qarşıda yetirmələrini İran, Gürcüstan və Türkiyədə sınaqların gözlədiyini bildirən Ə.Rəcəbov deyib ki, həmkarı Orxan Şabanovla onları bu yarışlara hazırlayır. Heyətdə yer alacaq idmançılardan bəzilərinin beynəlxalq arenada təcrübəsi var və mükafatçılar sırasında yer alıblar. Onların yarışa hazırlığı üçün klub tərəfindən hər cür şərait yaradılıb. Ümid edirik ki, yetirmələrimiz turnirlərdə uğurla çıxış edərək ölkəmizin üçrəngli bayrağını dalğalandıracaq və Vətənə medalla dönəcəklər.