Elitar Gimnaziyada Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd olunub
Bakı, 17 may, AZƏRTAC
İlyas Əfəndiyev adına Elitar gimnaziya 2022-ci ildən OCEP layihəsində Türkiyəni təmsil edir və müxtəlif tədbirlər keçirir. OCEP məhz bu görüşlər vasitəsilə həmrəylik, sülhsevərlik, multikultural dəyərlərə sadiqlik mesajını bütün dünyaya ötürməyi bacarır.
AZƏRTAC xəbər verir ki, OCEP layihəsi çərçivəsində bu il də müxtəlif tədbirlər keçirilir. Elitar gimnaziyada 19 May - Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdə Elm və Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev, Türkiyə Respublıkasının təhsil müşaviri Nurullah Feyzi Yazıcı, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, birinci müavini Gülarə Verdiyeva, Milli Olimpiya Komitəsinin şöbə müdiri Mehman Kərimov, komitənin əməkdaşı Ruslan Məmmədov, Milli Qəhrəman Polad Həşimovun həyat yoldaşı Ofeliya Həşimova, “Qubadlı fatehi” Vidadi Xəlilovun həyat yoldaşı Nərmin Xəlilova iştirak ediblər.
Elitar gimnaziyanın şagirdlərinin ifasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevdən, Mustafa Kamal Atatürkdən, Prezident İlham Əliyevdən sitatlar səsləndirilib, məktəblilərin “Zeybək” və “Ay-ulduz” rəqsi və gimnaziyanın şagirdi ağır atletika üzrə idmançı Naim Süleymanoğlunun çıxışı maraqla qarşılanıb.
Tədbirdə Azərbaycan-Türkiyə dostluğundan bəhs edən videoçarx göstərilib. Sonda OCEP layihəsi çərçivəsində müxtəlif tədbirlərdə iştirak edərək uğur qazanmış şagirdlər qonaqlara təqdim olunub.