“Elm günü”nə həsr olunmuş "Açıq qapı" günü keçirilib
Bakı, 27 mart, AZƏRTAC
Martın 27-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin Tədqiqatı Bürosunda "Açıq qapı" günü keçirilib.
AZƏRTAC xəbər verir ki, “Elm günü”nə həsr olunmuş tədbirdə son 100 ildə ilk dəfə Azərbaycan ərazisində seysmoloji tədqiqatların aparılmasında istifadə edilən cihaz və avadanlıqlar nümayiş etdirilib. Həmçinin ictimaiyyət nümayəndələrinə bu sahədə aparılan tədqiqatların tarixi və keçdiyi yol haqqında geniş məlumat verilib.
RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, sərgidə 100-dən çox cihaz nümayiş olunur: “Nümayiş etdirilən cihazlar seysmologiya ilə yanaşı, geofizika, geodinamika və geokimya sahəsində aparılan tədqiqatların eksponatlarıdır. Sərgidə ötən əsrin əvvəlindən başlamış bu günə kimi istifadə olunan avadanlıqlar, onların məqsədləri, müxtəlif dövrlərdə həyata keçirilən araşdırmaların nəticələri, seysmologiyanın inkişafı və əldə olunan nailiyyətlər öz əksini tapıb. Məktəblilər, tələbələr, alimlər və digər ictimaiyyət nümayəndələri sərgidə iştirak edir, əməkdaşlarımız onlara tədqiqatların aparılması qaydasını izah edirlər. Yeraltı təkanların tədqiqi, həmçinin tarixi şəkillərlə göstərilir. Əvvəllər zəlzələnin parametrlərini təyin etmək üçün bir saatdan çox vaxt lazım olurdu. İndi isə tədqiqatlar ən müasir avadanlıqlarla aparılır, qısa müddət ərzində yeraltı təkanların parametrləri müəyyən olunur. 2000-ci il noyabrın 25-də Xəzər dənizində baş vermiş güclü zəlzələdən sonra ölkəmizdə seysmologiya elmi inkişaf etməyə başladı. Bu məsələdə ulu öndər Heydər Əliyevin rolu danılmazdır. Məhz Ümummilli Liderin tapşırığı ilə mərkəz ən müasir avadanlıqlarla təchiz olundu. Ölkə başçısı İlham Əliyev də seysmologiya elminin inkişafına xüsusi diqqət göstərir”.