Elm və təhsil nazirinin müavini sertifikatlaşdırma imtahanlarını izləyib
Bakı, 22 iyun, AZƏRTAC
Elm və təhsil nazirinin müavini Həsən Həsənli bölgələrdə təşkil edilən sertifikatlaşdırma imtahanlarının gedişatı ilə tanış olmaq məqsədilə iyunun 21-də Şirvan şəhərinə səfər edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nazir müavini Həsən Həsənli, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov və yerli təhsili idarəetmə qurumlarının rəhbərləri Şirvan şəhərində təşkil edilmiş 3 mərkəzdə keçirilən test imtahanlarını izləyiblər.
Qonaqlara məlumat verilib ki, sertifikatlaşdırma imtahanları Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 4 mərkəzdə təşkil olunub. Şirvan şəhərində keçirilən imtahanlara Şirvan-Salyan, Mil-Muğan və Lənkəran-Astara regional təhsil idarələrinə aid müəssisələrdə çalışan müəllimlər cəlb olunublar.
İmtahan prosesini izləyən Həsən Həsənli qeyd edib ki, sertifikatlaşdırma təhsil sistemimiz üçün yenilik olmasına baxmayaraq, gələcək uğurlarımızın təməli kimi dəyərləndirilə bilər. Eyni zamanda, bu proses inkişafa ehtiyacı olan istiqamətləri müəyyənləşdirməyə imkan yaradacaq. Prosesin təşkilində məqsəd şagirdlər üçün ən yaxşı təhsili təmin edə bilməkdir. Sertifikatlaşdırma müəllimin öz üzərində mütəmadi işləməsi, nəticəsini yaxşılaşdırması üçün ciddi stimul yaradır.
Qeyd edək ki, sertifikatlaşdırma imtahanları iyunun 20-dən 24-dək ölkənin 13 müxtəlif şəhəri üzrə 23 mərkəzdə təşkil olunur. 20 minə yaxın müəllim ibtidai sinif, 8 min 500-dən çox müəllim Azərbaycan dili və ədəbiyyat üzrə test imtahanı mərhələsinə cəlb olunacaq.