Elşən Yusubov: Avrokuboklarda əsas məqsəd birinci mərhələni uğurla adlamaqdır
Bakı, 4 sentyabr, AZƏRTAC
Komandamız tam şəkildə təlim-məşq toplanışına hazırdır. 12 günlük toplanış zamanı 6 yoxlama oyunu keçirməyi planlaşdırırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Sabah" Basketbol Klubunun idman direktoru Elşən Yusubov media üçün açıq məşqdən sonra jurnalistlərə açıqlamasında deyib.
O, FIBA Avropa Kubokunun təsnifat mərhələsindəki rəqiblərin olduqca güclü olduğunu bildirib: “Buna baxmayaraq, gücümüzü son ana qədər göstərəcəyik. Son transferlərlə komandamız tam şəkildə formalaşıb. Yarışa hazır vəziyyətdəyik”.
E. Yusubov bundan sonra heyətə yeni basketbolçu cəlb olunmayacağını vurğulayıb: “Klubumuz ilk dəfə avrokuboklarda iştirak edəcək. Bizim üçün yeni addımdır. Bu səbəbdən basketbolçularla ilk növbədə 1 illik müqavilə bağlanılır. Ümidləri doğruldacaqları təqdirdə, onlarla yola davam edəcəyik”.
“Azərbaycan Basketbol Liqasının çempionu olaraq, əsas hədəfimiz bu titulu qoruyub-saxlamaqdır. Avrokuboklarda isə məqsəd birinci mərhələni uğurla adlamaqdır”, - deyə idman direktoru əlavə edib.
Qeyd edək ki, “Sabah” birinci mərhələdə Niderlandın “Donar”, Şimali Makedoniyanın “Rabotniçki” və Rumıniyanın “Rapid” klubları ilə A qrupunda mübarizə aparacaq.
Qrup mərhələsinin oyunları 2-5 oktyabrda Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək. Qrup qalibi turnirin müntəzəm çempionatına vəsiqə qazanacaq.