Elxan Abdullayev: İnanıram ki, komandalarımızın dördü də II təsnifat mərhələsini uğurla adlayacaq
Bakı, 17 iyul, AZƏRTAC
İnanıram ki, dörd komandamızın hər biri növbəti mərhələyə yüksələcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında 19 yaşadək futbolçulardan ibarət milli komandanın baş məşqçisi Elxan Abdullayev Azərbaycan təmsilçilərinin avrokuboklardakı çıxışı barədə danışarkən deyib.
Mütəxəssis ilk növbədə mərhələ adlayan “Sabah”, “Qarabağ”, “Zirə”ni və onların azarkeşlərini təbrik edib: “İlk raundda klublarımız çox yaxşı çıxış etdilər. Mərhələlər irəlilədikcə, rəqiblər daha da güclənəcək və çətinləşəcək. Buna baxmayaraq, düşünürəm ki, komandalarımız uğurlu nəticələr göstərdilər və növbəti oyunlarda da bizi sevindirə bilərlər”.
Klubların II təsnifat mərhələsindəki rəqiblərini də dəyərləndirən Elxan Abdullayev komandaların hansı ölkəni təmsil etməsinin əsas meyar olmadığını vurğulayıb: “Rəqiblərin hansı coğrafiyadan, hansı ölkədən olması böyük rol oynamır. Əsas məsələ rəqibi düzgün analiz edib, sonra nəticə çıxarmaqdır. Hazırda hansı komandanın daha zəif və ya güclü olduğunu demək çətindir. İnanıram ki, təmsilçilərimiz rəqiblərini ətraflı şəkildə analiz edərək bu oyunlara maksimum dərəcədə yaxşı hazırlaşacaqlar. Proqnozlara gəlincə, mən optimist insanam və inanıram ki, komandalarımızın dördü də II təsnifat mərhələsini uğurla adlayacaq”.
Xatırladaq ki, I təsnifat mərhələsində “Sabah” Çempionlar Liqasında Uelsin TNS klubunu (2:0, 2:1), “Qarabağ” Avropa Liqasında İslandiyanın “Vestri” kollektivini (hər iki oyunda 3:0), “Zirə” isə Konfrans Liqasında Gürcüstanın “Torpedo” komandasını (hər iki matçda 3:0) məğlub edib. Onlar növbəti mərhələlərdə müvafiq olaraq, Finlandiyanın KuPs, Bolqarıstanın MOİK və Estoniyanın “Payde” kollektivləri ilə qarşılaşacaqlar. Konfrans Liqasının II təsnifat mərhələsindən mübarizəyə başlayacaq “Neftçi” isə Belarusun “Dinamo” klubu ilə üz-üzə gələcək.