ELM VƏ TƏHSİL
Əlyazmalar İnstitutunda aprel işğalı ilə bağlı araşdırmalar davam etdirilir
![](/files/galleryphoto/2020/1/1200x630/15876440795191657984_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15876440795756832079_1200x630.jpg)
Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun, vətənimizin ilk demokratik dövlətinin sovet Rusiyası tərəfindən işğalının 100 ili tamam olur. Bu tarixi hadisənin təhlili ilə bağlı ölkədə müxtəlif tədqiqatlar aparılır. AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimləri də bu istiqamətdə fəaliyyət göstərir, öz töhfələrini verirlər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi Aytən İmanovanın “Cənubi Qafqaz dövlətçiliyi sistemində Azərbaycan ziyalıların fəaliyyəti” sərlövhəli məqaləsi “İpək yolu” jurnalının 2020-ci il üçün 1-ci nömrəsində dərc olunub.
Əsas istiqamətləri iqtisadiyyat, filologiya, tarix və sosial elmlər olan, beynəlxalq indeksləmə bazalarına daxil edilmiş jurnalda dərc olunan bu məqalə XX əsrin əvvəllərində Azərbaycan milli hərəkatının tarixinə həsr edilib. Müəllif dünyada baş verən ictimai-siyasi və mədəni-iqtisadi dəyişikliklər fonunda Azərbaycan milli ideologiyasının təkamül yolunu təhlil edib, Cümhuriyyətin gücü və beynəlxalq qüvvələrin Azərbaycanın Rusiya tərəfindən ikinci dəfə işğalı üçün təsiri barədə ətraflı məlumat verib.
Məqalənin tam mətni ilə aşağıda qeyd edilən linkdə tanış olmaq mümkündür: http://www.au.edu.az/upload-files/menu/ipekyolu/2020_01/21ImanovaA.pdf