Əlyazmalar İnstitutunda yarım il ərzində görülən işlər müzakirə olunub
Bakı, 21 iyun, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. İclasın gündəliyində duran əsas məsələ müəssisənin bu ilin ilk 6 ayı ərzində elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatın dinlənilməsi olub.
Elmi katib dosent Əzizağa Nəcəfov institutun yarımillik fəaliyyətinə dair məruzə ilə çıxış edib. O, məruzəsində institutda dövlət başçısının müvafiq sərəncamlarından irəli gələrək icra olunan işlər, Nazirlər Kabineti, AMEA Rəyasət Heyəti, habelə Humanitar və İctimai Elmlər Bölməsinin müvafiq qərarlarının icrası ilə bağlı görülən işlər barədə, şöbələrdə aparılan tədqiqat işləri, çap olunan kitablar, əməkdaşların elmi ezamiyyətləri, xarici ölkələrin müvafiq elmi mərkəzləri ilə əməkdaşlıq, elmin təhsilə inteqrasiyası, aparılan elmi-tədqiqat işlərinin geniş ictimaiyyətə çatdırılması və digər məsələlər haqqında ətraflı məlumat verib.
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri professor Kamandar Şərifov, Multidisiplinar əlyazmaların tədqiqi şöbəsinin baş elmi işçisi professor Raqub Kərimov, Çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi Tahirə Həsənzadə və başqaları hesabata dair fikirlərini bildirib, institutun bu ilin ilk 6 ayı ərzində fəaliyyətini yüksək qiymətləndirib və təkliflərini səsləndiriblər.
Bütövlükdə hesabat Elmi şura üzvləri tərəfindən yüksək qiymətləndirilib və yekdilliklə qəbul olunub.