Əmanətlərin Sığortalanması Fondunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bakı, 7 noyabr, AZƏRTAC
8 Noyabr – Zəfər Günü münasibətilə Əmanətlərin Sığortalanması Fondunda (ƏSF) tədbir keçirilib.
ƏSF-dən AZƏRTAC-a bildirilib ki, Zəfər Günü Azərbaycan Respublikasının dövlətçilik tarixində xüsusi yerə malik olan, xalqımızın milli iradəsini, dövlət-xalq birliyini və qəhrəman Ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirən qürur günüdür. 2020-ci ilin payızında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində qazandığı parlaq Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin edilib, torpaqlarımız işğaldan azad olunub. Bu tarixi hadisə Azərbaycan xalqının azadlıq, ədalət və milli qürur hissi uğrunda apardığı mübarizənin möhtəşəm təntənəsi olub.
Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra fondun icraçı direktorunun müavini Bəhruz Qayıbov tədbir iştirakçılarına müraciət edərək Zəfər Gününün Azərbaycan tarixindəki müstəsna əhəmiyyətini vurğulayıb.
B.Qayıbov qeyd edib ki, 8 Noyabr – Zəfər Günü xalqımızın illərlə arzuladığı ədalətin bərpası, torpaqlarımızın işğaldan azad olunması və dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi ilə nəticələnən möhtəşəm Qələbə günüdür. O bildirib ki, bu tarixi Zəfər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, uzaqgörən siyasəti, Azərbaycan Ordusunun rəşadəti və xalqımızın sarsılmaz birliyi sayəsində mümkün olub.
Bəhruz Qayıbov çıxışında vurğulayıb ki, bu qələbə yalnız hərbi deyil, həm də mənəvi-siyasi Zəfərdir. 8 Noyabr xalqımızın birlik, iradə və milli həmrəyliyinin rəmzi, gələcək nəsillər üçün vətənpərvərlik məktəbidir. Bu gün hər bir azərbaycanlı qalib xalqın nümayəndəsi olmaqdan qürur duyur və şəhidlərimizin göstərdiyi qəhrəmanlıq Azərbaycan tarixində əbədi yaşayacaq. O, çıxışının sonunda Vətən müharibəsində iştirak etmiş fond əməkdaşlarına və bütün qazilərimizə dərin minnətdarlığını ifadə edib, şəhidlərimizin əziz xatirəsinin daim uca tutulacağını vurğulayıb.
Tədbir çərçivəsində Vətən müharibəsində iştirak etmiş fond əməkdaşları öz döyüş xatirələrini bölüşüblər. Onlar xidmət etdikləri istiqamətlər, keçdikləri ön cəbhə xətləri barədə danışaraq, dövlətin qazilərə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğının yüksək dəyərləndirildiyini bildiriblər.
Sonda fondun rəhbərliyi müharibə iştirakçısı olan əməkdaşları xüsusi hədiyyələrlə təltif edib və onların göstərdiyi şücaəti fond kollektivi adından dərin minnətdarlıqla qeyd edib.
Əmanətlərin Sığortalanması Fondu bu əlamətdar gündə bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edir, şəhidlərimizin xatirəsini ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı və uzun ömür arzulayır.