Əmbil gölünün ətrafını çirkləndirənlər cərimələnəcəklər
Bakı, 10 iyun, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) və nazirliyin yanında yaradılmış İctimai Ekoloji Şuraya Şabran rayonunun Zeyvə kənd sakinlərinin şikayət məktubu daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müraciət kəndin ərazisində yerləşən Əmbil gölünün ətrafının və ona bitişik sahələrin böyük turist qrupları tərəfindən müxtəlif tullantılarla çirkləndirilməsi ilə bağlı olub. Kənd sakinlərinin şikayət məktubu nazirliyin mütəxəssislərinin və “Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Azərbaycan üzrə Meşə Proqramı”nın əlaqələndiricisi Azər Qarayevin, “Hüquqi Düşüncə” İctimai Birliyinin sədri Samir İsayevin və şikayətçilərin birgə iştirakı ilə yerində araşdırılıb. Aparılan araşdırma zamanı Əmbil gölünün ətrafının və ona yaxın meşə ərazilərinin antisanitariya vəziyyətində olması, çoxsaylı məişət tullantıları ilə zibillənməsi, insanların təbii ehtiyaclarından irəli gələn bioloji tullantılarla çirkləndirilməsi, qadağan olunmuş ərazilərdə tonqal qalanması kimi meşə mühitinə və bütövlükdə ekosistemə birbaşa mənfi təsir göstərən faktlar qeydə alınıb.
Faktla bağlı nazirliyin əməkdaşları tərəfindən akt tərtib olunaraq təqsirkarların müəyyənləşdirilməsi üçün Şabran Rayon Polis Şöbəsinə məktub göndərilib. Təqsirkar şəxslər müəyyənləşdikdən sonra İnzibati Xətalar Məcəlləsinin 266.1 maddəsinə əsasən fiziki və hüquqi şəxs qismində inzibati qaydada 700 manatdan 8500 manatadək cərimə ediləcəklər.
ETSN əməkdaşlarının və QHT nümayəndələrinin iştirakı ilə Əmbil gölünün ətrafı və ona bitişik sahələr tullantılardan təmizlənərək əvvəlki vəziyyətinə gətirilib, eyni zamanda, ərazidə yeni xəbərdaredici və maarifləndirici lövhələr quraşdırılıb, ərazi nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən nəzarətə götürülüb.