“Endometriozisin müalicəsinə müasir yanaşma” mövzusunda konfrans keçirilib
Bakı, 1 mart, AZƏRTAC
Martın 1-də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında “Endometriozisin müalicəsinə müasir yanaşma” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, klinikanın direktoru professor Surxay Hadıyev çıxış edərək endometriozisin dünyada aktiv xəstəliklərdən biri olduğunu və onun diaqnostikası və müalicəsində yeni standartların tətbiqinin vacibliyini diqqətə çatdırıb. Direktor dinləniləcək məruzələrin və aparılacaq müzakirələrin mütəxəssislər arasında təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu deyib. O, konfransın işinə uğurlar arzulayıb.
Konfransda endometriozisin müalicəsi ilə bağlı müxtəlif metodlar açıqlanıb, fərqli kazuslar nəzərdən keçirilib.
Klinikanın mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun sədrliyi ilə keçən müxtəlif sessiyalarda endometriozisə histopatoloq, genetika üzrə mütəxəssislərin baxışları ortaya qoyulub. Həmçinin endometriozisin etiologiyası və patogenezi, ekstragenital endometriozis, bu xəstəliyin sonsuzluq, implantasiyaya və yumurtalıq rezervinə təsiri, ultrasəs müayinəsi ilə diaqnostikası barədə məruzələr səsləndirilib.
Şöbə müdiri Turab Canbaxışov endometriomaların müalicə taktikaları və yumurtalıq rezervin qorunması barəsində çıxış edib. Bundan əlavə, adenomiyozisin klinik simptomları, müalicə üsulları və sonsuzluqla əlaqəsi də müzakirə olunub. Endometriozisin həyat komfortuna təsiri kimi önəmli mövzularda yeni yanaşmalar ortaya qoyulub.