Engin Özer: İran Azərbaycan-Ermənistan sülh sazişindən faydalanmaq istəyir
Bakı, 4 sentyabr, N.Məmmədova, AZƏRTAC
İran Azərbaycan-Ermənistan sülh sazişindən siyasi və iqtisadi cəhətdən faydalanmaq istəyir.
Bu fikirləri AZƏRTAC ilə söhbətində türkiyəli politoloq Engin Özer İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın bu yaxınlarda türkiyəli həmkarı Hakan Fidan ilə Tehranda keçirdiyi birgə mətbuat konfransında səsləndirdiyi bəyanatları şərh edərkən deyib. Xüsusən, İran XİN-in başçısı İran-Azərbaycan-Türkiyə formatının yaradılması ideyasını dəstəkləyib, Bakı ilə İrəvan arasında dialoqu alqışlayıb və bildirib ki, “Qafqazda gərginlik sona çatıb və sülh erası başlayıb”.
Agentliyin müsahibi qeyd edib: “Səmimi arzularla yanaşı, diplomatik manevrlər də var. Zənnimcə, Abdullahianın bəyanatlarında bunların hər ikisi mövcuddur”.
Onun sözlərinə görə, İran ilə Azərbaycan arasında ən böyük fikir ayrılığı Zəngəzur dəhlizi ilə bağlıdır. Eyni zamanda, Ermənistan və İran Gürcüstan, xüsusən tanınmamış Abxaziya ərazisindən Rusiya yüklərini qəbul etmək istəyir. Bu məsələ fəal şəkildə müzakirə olunur. “Güman edirəm ki, tezliklə həyata keçiriləcək Zəngəzur dəhlizi layihəsi reallaşsa, Tehran hər şeydən əvvəl, Gürcüstan dəmir yollarından hansısa balanslaşdırma tələb edəcək”, - deyə o əlavə edib.
İran-Azərbaycan-Türkiyə formatının yaradılması ideyasına gəldikdə isə, Engin Özerin fikrincə, bu, hazırkı məqamda real deyil. İlk növbədə ona görə ki, Ankara ilə Tehran arasında Suriya məsələsində yüksək gərginlik mövcuddur. Gələcəkdə Zəngəzur dəhlizinin açılmasından sonra həmin formatın aktivləşməsi regionda təhlükəsizliyi təmin etmək baxımından mütləq lazımdır.
Ekspert sonda deyib: “Hazırkı məqamda İranın iqtisadi böhrandan tutmuş hökumət əleyhinə etirazlara qədər kifayət qədər böyük problemləri var. Bəli, indi etirazlar bir az səngiyib, lakin istənilən an yeni vüsətlə alovlana bilər. Burada Azərbaycan XİN-in mövqeyindən də çox şey asılıdır. Hər iki tərəf təmkin nümayiş etdirməlidir. Tunelin sonunda işıq görünür və İran bunu başa düşür. Tehran həm də anlayır ki, İran və Ermənistanın hər hansı təxribatı pis nəticələr verə bilər”.