Əqli Mülkiyyət Agentliyində “Heydər Əliyev və kitabxana” mövzusunda konfrans keçirilib
Bakı, 19 may, AZƏRTAC
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və kitabxana” mövzusunda konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Bildirilib ki, RETK-nın direktorunun səlahiyyətlərini icra edən, innovasiya və inkişaf üzrə direktorun birinci müavini Mübariz Məmmədli kitabxanaların fəaliyyətinin yaxşılaşdırılmasının ölkəmizin ictimai-mənəvi həyatının daha da canlanmasına təsiri baxımından böyük əhəmiyyət kəsb etdiyini söyləyib. O qeyd edib ki, ölkəmizin kitabxana fəaliyyəti qədim dövrlərdən başlayıb. Mübariz Məmmədli Azərbaycanda kitabxana işinin inkişafına Heydər Əliyev qayğısının əvəzedilməz olduğunu xüsusi ilə vurğulayıb.
Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin Kitabxanaşünaslıq kafedrasının müdiri Elçin Əhmədov çıxış edərək bildirib ki, XIX əsrdə Azərbaycanda həm neft sənayesinin yüksəlişi, həm də ictimai-siyasi həyatda baş verən müsbət dəyişikliklər ölkədə kitabxanalar şəbəkəsinin yaradılmasına gətirib çıxarıb. O, istər sovet dövründə, istərsə də müstəqillik əldə etdikdən sonra kitabxana sisteminin inkişafında və daha müasir səviyyədə qurulmasında Ümummilli Liderin əvəzsiz rolunu vurğulayıb, müasir dövrün tələblərinə uyğun olaraq kitabxana-informasiya sisteminin modelləşdirilməsindən danışıb.
Ölkəmizin müxtəlif ali məktəb kitabxanalarının əməkdaşlarının və tələbələrin iştirak etdiyi konfransda RETK-nın əməkdaşları Azadə Orucovanın “Azərbaycanda kitabxana işinin inkişafına Heydər Əliyev qayğısı”, Sevda Ağayevanın “Heydər Əliyev və kitabxana”, Bəsti Məmmədovanın “Kitabxana və kitabxana işi” mövzularında məruzələri dinlənilib.
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Akif Təvəkküloğlu çıxışında Azərbaycan kitabxanalarının xalqın milli sərvəti olduğunu qeyd edərək, Ulu Öndərin hakimiyyəti dövründə elmə, mədəniyyətə, o cümlədən kitabxana işinə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının icraçı direktoru Şəhla Quliyeva, Azərbaycan Texniki Universitetinin Kitabxana İnformasiya Mərkəzinin direktoru Xəyalə Hacıyeva, Azərbaycan Milli Kitabxanasının Elmi-metodiki şöbəsinin müdiri Aygün Koçak və digərləri çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb, mövzu haqqında fikirlərini bölüşüblər.
Tədbirdə “Ulu Öndər Heydər Əliyev” və “Kitabxanamız” mövzularında videomateriallar nümayiş olunub.
Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.