Erməni silahlı bölmələri atəşkəs rejimini 19 dəfə pozub VİDEO
Bakı, 8 avqust, AZƏRTAC
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini ümumilikdə 19 dəfə pozub.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikasının İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun Mərzili, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Füzuli və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.