Ermənilərin Şamaxı qəzasında törətdikləri qətliamlar Azərbaycan tarixinin qanla yazılmış səhifələrindən biridir
Şamaxı, 30 mart (AZƏRTAC). 1918-ci il ilin mart-aprel aylarında erməni daşnaklarının insanlıqla bir araya sığmayan vəhşiliklərinin məkanlarından biri olan Şamaxıda 31 mart - Azərbaycanlıların Soyqırımı Gününün 94-cü ildönümü böyük hüznlə qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar rayon icra hakimiyyətində müxtəlif nəsillərin nümayəndələrinin iştirakı ilə geniş yığıncaq keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan icra hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov 1918-ci ildə Cənubi Qafqazda baş verən siyasi hadisələrdən danışmış, o vaxt Şamaxı qəzasında törədilən kütləvi qətliamların əslində erməni daşnaklarının zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri soyqırımı siyasətinin tərkib hissəsi olduğunu söyləmişdir.
Azərbaycan Müəllimlər İnstitutu Şamaxı filialının dosenti, tarix elmləri namizədi Zərifə Cavadova tədbirdə çıxış edərək o vaxt Bakıda, eləcə də ayrı-ayrı qəzalarda, o cümlədən Şamaxıda erməni quldurlarının törətdikləri kütləvi qırğınlar və onların nəticələri barədə tarixi faktları diqqətə çatdırmışdır. Bildirilmişdir ki, 1918-ci ilin mart-aprel aylarında təkcə Şamaxı qəzasında qəza mərkəzi və 120 kənd yaşayış məntəqəsinin 86-sı ermənilərin hücumuna məruz qalmışdır. Təcavüz nəticəsində 8027 nəfər azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir. Öldürülən əliyalın insanların 1277-si uşaq, 2560-ı qadın, 4190-ı isə kişi idi. Şamaxıda yüzlərlə sakin, o cümlədən uşaqlar, ahıllar, qadınlar Cümə məscidinə doldurularaq diri-diri yandırılmışlar. Qətliamlar zamanı qəzanın 22 nəfər nüfuzlu ağsaqqalı və ziyalısı da vəhşicəsinə öldürülmüşdür.
Stepan Şaumyanın göstərişi ilə Şamaxıda kütləvi qırğınların təşkilatçıları olan dəstəbaşçısı Stepan Lalayan, Arşak Gülbəndyan, Mixail Arzumanov, Karapet Karamanov və digər azərbaycanlı qanına susamış daşnaklar dinc insanlara qarşı misli görünməmiş qəddarlıqlar törətmişlər.
Qeyd edilmişdir ki, mart-aprel qırğınlarına məruz qalan digər 33 kənddə isə qətliamların konkret mənzərəsi və miqyası barədəki araşdırma yarımçıq saxlanılmış, tarixi həqiqətlərin üzə çıxarılması uzun illər yasaq edilmişdir.
Yığıncaqda ermənilər tərifindən xalqımıza qarşı törədilən soyqırımı siyasətinin bu gün də davam etdiyi vurğulanmışdır. Bildirilmişdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə təpədən dırnağadək silahlanmış ermənilər keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin köməyi ilə Xocalı şəhərinə basqın edərək dinc sakinlərə qarşı görünməmiş vəhşiliklər törətmişlər. Bütün bunlar ermənilərin zaman-zaman xalqımıza qarşı irəlicədən planlaşdırdıqları və fürsət düşən kimi həyata keçirdikləri soyqırımlarıdır.
Yığıncaqda ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanının, həmin fərmanla əlaqədar həyata keçirilən tədbirlərin, Prezident İlham Əliyevin bu sahədə gördüyü ardıcıl və məqsədyönlü işlərin uğurlu nəticələrindən də ətraflı danışılımışdır. Qeyd olunmuşdur ki, artıq tarixi həqiqətləri dünya ictimaiyyətindən gizlətmək mümkün deyildir. Ermənilər başa düşməlidirlər ki. müstəqil Azərbaycanın getdikcə artan qüdrəti, beynəlxalq nüfuzu onların zaman-zaman həyata keçirdikləri məkrli niyyətlərini puça çıxaracaqdır.