ORDU
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 114 dəfə pozub ViDEO
Bakı, 20 aprel, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 114 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Şavarşavan, Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Fərəhli, Kəmərli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Yarımca, Göyarx, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Mərzili, Şuraabad, Qaraqaşlı, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 114 dəfə atəş zərbəsi endirib.