Ersin Tatar: Biz qardaşıq, sizin Zəfəriniz, bizim Zəfərimizdir
İstanbul, 8 noyabr, AZƏRTAC
Azərbaycanın qazandığı tarixi Qələbənin birinci ildönümünü qeyd edirik, bundan böyük sevinc hissi duyuram. Doğma qardaşlar olaraq Zəfərimiz də birdir. Bu, türk millətinin Zəfəridir. Bu Qələbə münasibətilə Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevi bir daha təbrik etmək istəyirəm. Qarabağın işğaldan azad edilməsi türk dünyasının əfsanələrindən olan ulu öndər Heydər Əliyevin vəsiyyəti idi və bu, yerinə yetirildi.
Bu sözləri İstanbulda keçirilən Zəfər bayramında AZƏRTAC-a açıqlamasında Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar söyləyib.
Kipr xalqının da əsarətdən, zülmdən keçdiyini, lakin hər zaman Türkiyənin dəstəyi ilə buna qarşı ayaqda durduğunu bildirən Ersin Tatar deyib: “Hazırda Şimali Kipr Türk Cümhuriyyəti olaraq türk dünyasının bir parçası olmaqdan qürur hissi keçiririk. Azərbaycan və Türkiyə Orta Asiyadan başlayaraq türk coğrafiyasının əsas hissəsidir. Biz Şərqi Aralıq dənizində türk dünyasının təmsilçisiyik və müstəqilliyimiz uğrunda mübarizə aparırıq. Doğma qardaşlıq münasibətlərimizi bir daha buradan sizlərlə paylaşmaq istəyirəm. Bütün Azərbaycan xalqını ən səmimi duyğularımla təbrik edirəm. Biz qardaşıq, sizin Zəfəriniz bizim Zəfərimizdir, sizin sevinciniz bizim sevincimizdir, sizin kədəriniz bizim kədərimizdir”.
Ersin Tatar bildirib ki, gələcəkdə münasibətlərimizin inkişaf etdirilməsi azərbaycanlıların Kiprə turist, tələbə, sərmayəçi kimi gəlmələrini arzu edir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul