ƏSİR VƏ İTKİN DÜŞMÜŞ, GİROV GÖTÜRÜLMÜŞ VƏTƏNDAŞLARLA ƏLAQƏDAR DÖVLƏT KOMİSSİYASININ MƏLUMATI
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində əsir götürülmüş və üçüncü ölkəyə göndərilmiş vətəndaşlarımızla bağlı məsələlər (onlara aid anket məlumatları, valideynlərinin ünvanı, göndərildiyi ölkələr və s.) Dövlət Komissiyasına, digər aidiyyəti orqanlara və habelə onların valideynlərinə məlumdur. Bildiririk ki, həmin şəxslər çox güman ki, üçüncü ölkələrə özlərinin razılığı ilə beynəlxalq humanitar nüquq normalarına əsasən göndərilmişlər. Əsir götürülmüş övladlarının üçüncü ölkələrə göndərilməsi faktı ilə bağlı onların valideynləri nə Dövlət Komissiyası, nə də digər aidiyyəti orqanlar tərəfindən təqib olunmamışdır və hazırda da belə bir addım atılmır. Unudanların diqqətinə çatdırırıq ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, hər hansı bir şəxsin əməlinə görə onun yaxın qohumları təqib oluna və məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası ali hüquq prinsiplərinə və insan hüquqlarına hörmətlə yanaşır, onları qoruyur.
Bildiririk ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində əsir və girov götürülmüş və azad edilmiş 1381 nəfərdən yalnız 20 nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdur. Göstərilən şəxslər əsir və girov götürülməsi faktına görə deyil, əsirlikdə olarkən Azərbaycan Respublikasına və onun vətəndaşlarına qarşı törətdikləri konkret cinayət əməllərinə görə cəzalandırılmışdır. Həmin şəxslərin əksəriyyəti azad olunduğu vaxt deyil, bir neçə il sonra, yəni cinayət əməlləri üzə çıxarkən həbs edilmişlər. Əgər həmin şəxslər və onların yaxınları təqib olunsaydılar, əsirlikdən azad edildikdən sonra həbs olunardılar. Həbs edilmiş 7 nəfərin azad olunması ilə bağlı Əfv Komissiyasına müraciət edildiyi bildirilsə də, həmin Komissiyadan bu məsələnin müzakirə olunmadığı bildirilmişdir.
Dövlət Komissiyası axtarış işinin aparılmasında və qarşısında duran digər vəzifələrin yerinə yetirilməsində, Ermənistanda və işğal olunmuş ərazilərimizdə fəaliyyətin həyata keçirilməsində bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən 1997-ci ildə yaradılmış “Dağlıq Qarabağ münaqişəsi zonasında əsir və girovların azad edilməsi, itkinlərin axtarışı üzrə Beynəlxalq işçi qrupu” (BİQ) ilə əməkdaşlıq edir.
BİQ Almaniyanın Henrix Böll Fondunun maliyyə dəstəyi ilə Bernhard Klazen (Almaniya), Svetlana Qannuşkina (Rusiya) və Paata Zakareişvilidən (Gürcüstan) ibarət həmsədrlər tərəfindən idarə olunur. Dövlət Komissiyası BİQ-in Almaniyadan olan həmsədri Bernhard Klazenin axtarış işinə və itkinlərin taleyi ilə bağlı məsələlərə obyektiv yanaşdığını və nəticələrin əldə olunması üçün apardığı işləri müsbət qiymətləndirir. Lakin BİQ-in Azərbaycan üzrə əlaqələndiricisi yalnız istimai rəyə hesablanmış bəyanatlar verməklə kifayətlənir və işini bu kontekstdə qurmağa çalışır. Onun fəaliyyətsizliyi əlaqələndirici kimi işə başladığı 2001-ci ildən etibarən nəzərə çarpmaqdadır. BİQ-in tərkibində Ermənistana və işğal olunmuş Azərbaycan ərazilərinə səfərləri zamanı əsir və girov götürülməsi faktı məlum olan Azərbaycan vətəndaşları ilə bağlı onun tərəfindən məsələlərin qaldırılmaması narahatlıq doğurur və hesab edirik ki, bu səfərlərdə onun işi həmsədrləri müşayiət etməkdən savayı, heç bir məqsədə xidmət etməmişdir. BİQ-in həmin dövrü əhatə edən hesabatlarında bu, açıq şəkildə sezilir. Dövlət Komissiyası əməkdaşlıq prosesində etik normalara riayət edilməsinə üstünlük verir. Lakin ictimai rəyi çaşdırmaq məqsədi daşıyan hər bir əmələ obyektiv qiymət vermək səlahiyyətləri olduğunu bir daha diqqətə çatdırır.
17 may 2006-cı il.