Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO
Qobustan, 24 sentyabr, AZƏRTAC
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: “Diri Baba” türbəsi
Dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli memarlıq abidəsi olan “Diri Baba” türbəsi Qobustan şəhərində, Azərbaycanın ən əsas turizm dəhlizlərindən biri olan şimal-qərb turizm dəhlizində, Bakı-Şamaxı magistral yolunun 1.5 kilometrliyində yerləşir.
“Diri Baba” türbəsinin kitabəsindəki məlumatlara görə bu abidə 1402-ci ildə (hicri təqvimlə 805-ci il) Şirvanşahlar dövlətinin hökmdarı Şirvanşah İbrahimin (1382-1417) əmri ilə tikilib. Türbənin daxili divarlarında “Ustad bin Hacı” (Ustad Hacı oğlu) yazısına rast gəlinir.
Naməlum sufi şeyxlərindən birinin qəbrinin yerləşdiyi bu abidə yerli əhali tərəfindən müqəddəs ziyarətgah kimi qəbul olunur.
Tarixi İpək Yolu üzərində yerləşən “Diri Baba” türbəsi əsrlər boyu Şirvan bölgəsinə səyahət etmiş avropalı diplomat və səyyahların da diqqətini cəlb edib. XVII əsrdə avropalı Adam Oleari, Osmanlı səyyahı Övliya Çələbi, XVIII əsrin əvvəllərində Cornelius de Brun kimi səyyahlar abidəni ziyarət ediblər. Onların çəkdikləri qravürlər abidənin keçmiş görünüşü haqqında çox qiymətli mənbələrdir.
Şirvan memarlıq məktəbinin ən nadir nümunələrindən olan “Diri Baba” türbəsi memarlıq xüsusiyyətlərinə görə, Qafqazın unikal abidələrindən biridir. Belə ki, tikilinin daxilindəki bir hissə qaya içərisində təbii oyma nəticəsində formalaşmış oyuqda yerləşir.
Azərbaycan ərazisində yerləşən sufi türbələri həm dini, həm də memarlıq cəhətdən turistlərin diqqətini cəlb edir. Hazırda “Diri Baba” türbəsi hər il on minlərlə yerli və xarici turist tərəfindən ziyarət olunur.