Etik davranış qaydaları ilə bağlı təlimlərdə 15 mindən çox dövlət qulluqçusu iştirak edib
Bakı, 3 iyun, AZƏRTAC
Dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı keçirilən təlimlərdə dövlət orqanları üzrə 15 min 300 nəfər dövlət qulluqçusu iştirak edib.
AZƏRTAC xəbər verir ki, bu, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq etik davranış məsələləri ilə bağlı həyata keçirilmiş maarifləndirmə tədbirləri və etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə 2020-ci il üzrə hesabatda öz əksini tapıb.
Hesabatda qeyd olunub ki, təlimlərə mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə Ali Attestasiya Komissiyası, Əqli Mülkiyyət Agentliyi, Milli Televiziya və Radio Şurası və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatının dövlət qulluqçuları qatılıblar.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2019−2021-ci illərdə icrası üzrə Fəaliyyət Planının 8.10.1-ci yarımbəndində dövlət qulluqçularının, xüsusilə də rəhbər vəzifəli və dövlət qulluğuna yeni qəbul olunan şəxslərin etik davranış qaydaları sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə onlar üçün etik davranış qaydaları mövzusunda təlimlərin keçirilməsi nəzərdə tutulub.