Ətraf mühitin radiasiya fonu üzrə gündəlik müşahidələr ölkənin bütün bölgələrini əhatə etmişdir
Bakı, 9 fevral (AZƏRTAC). Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin iş planına müvafiq olaraq səth suları, torpaq örtüyü və eləcə də Tufandağ ərazisindəki dayanıqlı qar örtüyündən götürülmüş nümunələr üzərində analizlər aparılmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) AZƏRTAC-a bildirmişlər ki, səth sularının çirklənməsinin monitorinqi 42 su obyekti üzrə (27 çay, 10 göl, 4 sututar, 1 liman) 50 müşahidə məntəqəsində həyata keçirilmişdir. Bu istiqamətdə detergentlər, neft məhsulları, fenollar, üzvi oksidləşdiricilər, üzvi pestisidlər, ağır metallar, suyun mineral tərkibi üzrə götürülmüş 433 su nümunəsi üzərində 8745 analiz aparılmışdır.
Ölkə ərazisində torpaqların fon tərkibinin neft məhsulları, pestisidlər və ağır metallarla çirklənməsinin öyrənilməsi məqsədi ilə aparılan monitorinqlər zamanı götürülmüş 542 torpaq nümunəsi üzərində 2163 kimyəvi analiz təhlil edilmişdir.
Ətraf mühitin radiasiya fonu üzrə gündəlik müşahidələr ölkənin bütün bölgələrini əhatə etməklə, gündə 3 dəfə 35 məntəqədə keçirilmişdir.
Beynəlxalq Atom Enerjisi Agentliyi ilə texniki əməkdaşlıq proqramı çərçivəsində “Azərbaycan Respublikasında radioaktivliyin monitorinqi sahəsində infrastrukturun inkişaf etdirilməsi” layihəsi üzrə Qazax, Sədərək (Naxçıvan Muxtar Respublikası), Beyləqan, Astara, Quba rayonlarında və Pirallahı adasında yerləşən meteoroloji stansiyalarda radiasiya fonu üzərində avtomatlaşdırılmış monitorinq nəzarəti sistemi quraşdırılmışdır. Hazırda monitorinq məlumatları hər yarım saatdan bir ETSN-in ətraf mühit üzrə milli monitorinq departamentinə, eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə ötürülür.
BMT-nin Avropa İqtisadi Komissiyasının “Böyük məsafələrə havanın transsərhəd çirklənməsi haqqında Konvesiya”sı çərçivəsində Norveç Krallığının Hava Tədqiqatları İnstitutu nəzdində yerləşən Kimya Koordinasiya Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Altıağac Milli Parkı ərazisində atmosfer havasının fon monitorinqi (EMEP) stansiyası qurulmuş və yaxın vaxtlarda fəaliyyətə başlayacaqdır.
Ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühit üzrə milli monitorinq departamenti tərəfindən stasionar müşahidə məntəqələri ilə əhatə edilməmiş ərazilərdə, daxil olan müraciətlər əsasında ölkə ərazisində, xüsusilə Abşeron yarımadasının su obyektlərində, güclü fiziki təsir yaradan mənbələr üzərində səyyar monitorinqlər həyata keçirilmişdir.