“EurActiv” Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısına dair məqalə yayıb
Brüssel, 4 mart, AZƏRTAC
Avropa İttifaqı məsələlərini işıqlandıran “EurActiv” xəbər portalında fevralın 20-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı barədə yazı dərc edilib.
AZƏRTAC xəbər verir ki, yazıda bildirilir: “Hökumət rəsmiləri və Azərbaycanda fəaliyyət göstərən böyük enerji şirkətlərinin iştirakı ilə keçirilən builki iclasda Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin iki dəfə artırılması və daha çox Avropa ölkələrinin layihəyə tərəfdaş olmaq arzusunun şahidi olduq”.
Layihə haqqında məlumat verilərək qeyd olunur ki, Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün prioritet layihələrdən biridir və ildə 10 milyard kubmetr Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur. 3500 kilometrlik boru kəmərləri zəncirindən ibarət olan Cənub Qaz Dəhlizi üç hissədən ibarətdir: genişləndirilən Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP.
Bildirilir ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında iştirak edən ölkələrin sayı bu il 17-yə çatıb. Bu barədə Azərbaycan mətbuatına energetika naziri Pərviz Şahbazov deyib: “İlk dəfə olaraq Serbiya, Macarıstan və San-Marino toplantıya qatılıb. Bu da onu göstərir ki, bu layihəyə maraq ildən-ilə artmaqdadır”.
Ötən ilin mayında Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib.
P.Şahbazov əlavə edib ki, TAP üzrə işlər davam edir və bu günə qədər işlərin 85 faizi tamamlanıb. 2020-ci ildə Azərbaycan qazı Avropaya nəql edilməyə başlayacaq”.
Yazıda, iclasda iştirak edən Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottingerin çıxışından da sitatlara yer ayrılıb: “Azərbaycan Avropa İttifaqı üçün strateji tərəfdaşdır. Avrokomissar Niderlandı nümunə gətirərək bildirib ki, Avropadakı qazın həcmi hər il azalmaqdadır, Niderland yerli qaz istehsalını getdikcə dayandıracaq”.
“Qarşıdakı on il ərzində Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qazın həcmini 20-25 milyard kubmetrə çatdırmaq planları var”, - deyə G.Ottinger vurğulayıb. O, həmçinin bildirib ki, Avropa İttifaqı icraediciləri Cənub Qaz Dəhlizi vasitəsilə Qərbi Balkan ölkələrinə qaz tədarük etmək arzusundadırlar.
Məqalədə, həmçinin Bolqarıstanın energetika naziri Temenujka Petkovanın ölkəsinin Cənub Qaz Dəhlizi layihəsinə yaxın olmasının “fövqəladə bir üstünlüyü” olduğunu söylədiyi vurğulanıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel