FAO-Türkiyə tərəfdaşlıq proqramı əməkdaşlığı genişləndirir
Bakı, 13 aprel, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Türkiyə arasında əməkdaşlığı nəzərdə tutan Ərzaq və kənd təsərrüfatı sahəsində Tərəfdaşlıq Proqramı Mərkəzi Asiyada ərzaq və kənd təsərrüfatı sektorunun möhkəmlənməsinə yönəlmiş bir sıra tədbirləri əhatə edir. Hazırda FAO Türkiyənin maliyyə dəstəyi ilə regionda qida məhsullarının təhlükəsizliyi sistemlərinin təkmilləşdirilməsi üzrə üçillik layihəni həyata keçirməkdədir. FAO-nun regional bölməsindən AZƏRTAC-a verilən məlumata görə, bu proqramın məqsədi təhlükəsiz və saxtalaşdırılmayan qidalı məhsulları fermadan süfrəyə çatdırmaqdır.
Tərəfdaşlıq proqramı çərçivəsində həyata keçirilən qida məhsullarının təhlükəsizliyinə nəzarət və regional əməkdaşlıq sistemini təkmilləşdirmək məqsədilə risklərin qiymətləndirilməsi və müvafiq dövlət orqanlarının məlumatlandırılması sisteminin effektivliyinin artırılması əsasında qida məhsullarının keyfiyyətinin yoxlanılması prosedurlarına riayət edilməklə Azərbaycana, Qırğızıstana, Moldovaya, Tacikistana və Türkiyəyə kömək edilir. Aşağıda sadalanan istiqamətlərdə ciddi irəliləyiş əldə edilib: risklər haqqında effektiv məlumatlandırma və fövqəladə hallara reaksiya, qida məhsullarının təhlükəsizliyi ilə bağlı insidentlərin idarə edilməsi; istehlakçıların müdafiəsi və bazarda qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi bu sahədə nəzarəti həyata keçirən orqanların işinin adi hissəsidir.
FAO-nun Avropada və Mərkəzi Asiyada regional nümayəndəliyi Azərbaycan, Moldova və Türkiyədə böhranların idarə edilməsinə, o cümlədən qida məhsullarının təhlükəsizliyi sahəsində fövqəladə hallara reaksiya verilməsi planının hazırlanmasına cavabdeh olan Əlaqələndirmə Qrupu yaradılmasına kömək edir. Bu planda böhran zamanı görülməli tədbirlər hərtərəfli ifadə edilib.