ELM VƏ TƏHSİL
Fərhad Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinə qeydiyyat şərtlərini açıqlayıb

Dördüncü “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib
Bakı, 1 mart, AZƏRTAC
Dördüncü “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib. Müsabiqədə iştirak etmək istəyən namizədlər www.yukselish.az rəsmi internet səhifəsində “Şəxsi kabinet” yaratmaqla və qeydiyyat formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev söyləyib. O bildirib ki, qeydiyyat mart ayının sonunadək davam edəcək: “Müsabiqə qeydiyyat, onlayn, əyani, yarımfinal və final olmaqla 5 mərhələdən ibarətdir. Ötən illərdə baş tutan müsabiqələr üçün qeydiyyatdan keçmiş şəxslər isə “Şəxsi kabinet”lərinə daxil olaraq qeydiyyatlarını təsdiq edə bilərlər”.
Fərhad Hacıyev əvvəlki müsabiqələrin statistikasını diqqətə çatdırıb: “İlk müsabiqədə qeydiyyat üçün 11 min 760 nəfər müraciət edib, onlardan 9 min 775 nəfər müsabiqəyə qəbul edilib. Müsabiqənin yekunlarına əsasən 27 qalib seçilib. İkinci “Yüksəliş” müsabiqəsinə qeydiyyatdan keçən 12 min 299 nəfər iştirakçıdan isə 22-si adını qaliblər siyahısına yazdırıb. Üçüncü müsabiqə üçün qeydiyyatdan keçən 13 min 474 namizəd arasından isə 22 nəfər qalib müəyyənləşib”.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında intellektual səviyyəsi və ikiillik idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat dəyərində pul mükafatı gözləyir.
Növbəti - dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.