Fərhad Hacıyev: “Yüksəliş” müsabiqəsində 22 yaşında qalibimiz, 51 yaşında finalçımız olub
Bakı, 1 mart, AZƏRTAC
“Yüksəliş” müsabiqəsində 21-51 yaş aralığında namizədlərin iştirakı nəzərdə tutulsa da, 31-41 yaş aralığında iştirakçılar daha çox yer alır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev söyləyib.
“Lakin 22 yaşında qalibimiz, 51 yaşında finalçımız olub. Qalib olmaq yaşa yox, potensiala bağlıdır”, - deyə İşçi Qrupun rəhbəri bildirib.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında intellektual səviyyəsi və ikiillik idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat dəyərində pul mükafatı gözləyir.
Növbəti - dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.