Fərid Fərhadzadə: Məqsədimiz triatlon idman növünü ölkədə tanıtmaq, idmançıların sayını artırmaqdır
Mingəçevir, 3 avqust, AZƏRTAC
Sevindirici haldır ki, biz Gənclər paytaxtı olan Mingəçevir şəhərində yarış keçiririk.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Triatlion Federasiyasının prezidenti Fərid Fərhadzadə jurnalistlərə açıqlamasında deyib.
“Triatlon çox çətin idman növüdür. Buna baxmayaraq, bugünkü yarışda 100 iştirakçı var. Onların 41-i yeniyetmədir. Azərbaycan Triatlon Federasiyası olaraq məqsədimiz bu idman növünü ölkədə tanıtmaq, idmançıların sayını artırmaqdır. Triatlon üzrə yerli idmançılar yetişdirmək istəyirik. Əvvəl idmançıların sayı çox az idi. Qarşıya qoyduğumuz hədəflərə uyğun olaraq regionlardan da yeniyetmələri cəlb edirik. Məsələn, son bir ayda Sumqayıt şəhərindən triatlon idman növünə dörd idmançı cəlb etmişik”, - deyə o bildirib.
Federasiya prezidenti hazırda triatlon üzrə ölkə çempionatının Mingəçevir şəhərində hər il keçirilməsi üçün müzakirələr aparıldığını vurğulayıb: “Bu, ilk triatlon yarışıdır. İnanıram ki, gələn il ölkə çempionatı daha yüksək səviyyədə keçəcək. Prezident İlham Əliyev tərəfindən regionlarda yüksək səviyyəli idman kompleksləri inşa edilib. Məqsədimiz həmin komplekslərdən istifadə etmək, məşqçilərlə məqsədyönlü sistem qurmaq, uşaqları triatlona cəlb etməkdir”.
F.Fərhadzadə gələn il “IRONMAN” brendini ölkəyə gətirməyi planlaşdırdıqlarını da açıqlayıb.