Ferma və sahələrdə biotəhlükəsizlik qaydalarına əməl olunması zəruridir
Bakı, 23 aprel, AZƏRTAC
Təhlükəsiz heyvan mənşəli qida məhsullarının istehsalı üçün ferma və sahələrdə mütləq biotəhlükəsizlik qaydalarına əməl etmək lazımdır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, biotəhlükəsizliyin 4 mərhələsi var. Bunlar ətraf mühitin, işçi heyətin, heyvanların və məhsulun qorunmasından ibarətdir. Bu zaman yoluxucu xəstəliklərin başvermə ehtimalını minimuma endirmək mümkündür. Çünki xəstəliyin qarşısını almaq onun müalicəsindən daha asan başa gəlir. Bunun üçün heyvanların dövrü peyvəndlənməsi aparılmalı, ferma və sahələrdə mütəmadi dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri görülməlidir. Bundan başqa, xəstəliyə yoluxmuş heyvanlar təcrid olunmalı, onlar sağlam heyvanlardan uzaqda saxlanılmalıdır.
Fermalarda biotəhlükəsizliyin əsas şərtlərinə gəlincə, ərazi seçimində sanitar zolaq gözlənilməli, giriş-çıxış qapılarında dezbaryerlər qurulmalı, giriş-çıxış məhdudlaşdırılmalı, sanitar-gigiyenik qaydalara riayət olunmalı, fərdi mühafizə vasitələrindən istifadə edilməli və profilaktik tədbirlər görülməlidir.