Fevralın birinci ongünlüyünün ilk yarısında hava şəraiti nisbətən sabit və əsasən yağmursuz keçəcək
Bakı, 31 yanvar, AZƏRTAC
Son 20 ilin fevral ayı ərzində Bakı şəhərində ən yüksək temperatur 2020-ci il fevralın 7-də qeydə alınıb. Həmin gün 25 dərəcə isti müşahidə olunub. Lakin növbəti gün hava şəraiti kəskin dəyişib, temperatur müsbət 9 dərəcəyə yaxınlaşıb, güclü külək əsib.
Çoxillik meteoroloji məlumatlara əsasən, Bakıda fevral ayı üçün ən soyuq hava 2012-ci il fevralın 8-də qeydə alınıb. Həmin gün Bakı paytaxt üçün xarakterik olmayan 11 dərəcə şaxta ilə yadda qalıb. 2017-ci il fevralın 2-də paytaxt 29 santimetrlik qar örtüyünə bürünüb. 2004-cü il fevralın 24-də Bakıda hər kvadratmetrə 43 litr miqdarında yağıntı düşüb, yəni bir sutkada iki aylıq norma miqdarında güclü yağıntı qeydə alınıb. 2007-ci il fevralın 24-25-də Bakıda xəzri küləyinin sürəti saniyədə 35-41 metrədək şiddətlənib.
AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Xidmət rəisinin sözlərinə görə, 2022-ci ilin fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi günlərdə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə, əsasən də şərq rayonlarında normadan bir qədər çox olacağı proqnozlaşdırılır.
“Son illərin hava icmalları hava-iqlim anomaliyaları ilə, demək olar ki, boldur. Buna görə də, hava sürprizlərinə hazırlıqlı olmağa qısamüddətli proqnozlar kömək edir. Belə ki, fevral ayının ilk günləri hava bir qədər küləkli olsa da, nisbətən sabit və əsasən yağmursuz keçəcək. Birinci ongünlüyün ikinci yarısında isə hava şəraitinin dəyişəcəyi ehtimal edilir”, - deyə U.Tağıyeva qeyd edib.