FHN “Golden Coast” otelində təlim keçirib VİDEO
Bakı, 21 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin birgə təşkilatçılığı ilə paytaxtın Səbail rayonundakı M.Useynov küçəsi, 14 ünvanında fəaliyyət göstərən “Golden Coast” otelində “İctimai obyektlərdə baş vermiş yanğınların söndürülməsi və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda təlim keçirilib.
AZƏRTAC nazirliyin mətbuat xidmətinə istinadla bildirir ki, FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd “Golden Coast” otelinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması, habelə bu kimi obyektlərdə mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub.
Təlimin nəzəri hissəsində FHN-in əməkdaşları obyektin işçilərinə fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat veriblər. Həmçinin tədbir iştirakçılarına ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, suallar cavablandırılıb.
Praktiki hissəndə “Həyəcan” siqnalı verildikdən sonra baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər.
Təlim uğurla yekunlaşıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.