FHN işçilərinin həmkarlar ittifaqı Cümhuriyyətin 101 illiyi münasibətilə tədbir keçirib
Bakı, 27 may, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101-ci ildönümü münasibətilə mayın 27-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin inzibati binasında FHN işçilərinin həmkarlar ittifaqının təşkilatçılığı ilə tədbir keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov çıxış edərək bildirib ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti irqi, milli, dini, sinfi bərabərsizliyi ləğv edib, bütün vətəndaşların hüquq bərabərliyi təmin olunub, qadınlara kişilərlə bərabər seçki hüququ verib, ölkənin sərhədləri müəyyənləşdirilib, dövlət atributları - bayraq, himn və gerb hazırlanıb. Azərbaycanda ilk milli ali təhsil ocağı Bakı Dövlət Universiteti də məhz Cümhuriyyət dövründə yaradılıb.
Natiq vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövrdə milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. 1991-ci ildə müstəqilliyinin bərpasına nail olan müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir. Azərbaycanın bolşevik işğalı nəticəsində endirilmiş və bir də istiqlal mübarizəsi meydanlarında görünən üçrəngli bayrağımız yalnız ulu öndər Heydər Əliyevin Vətən təəssübkeşliyi və sevgisi sayəsində yenidən dövlət bayrağı kimi dalğalanmağa başladı.
Sonra Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov Dövlət Yanğından Mühafizə Xidməti işçilərinin həmkarlar ittifaqının sədrinə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Fəxri Əməkdaşı” döş nişanını təqdim edib.
Daha sonra FHN işçilərinin həmkarlar ittifaqı tərəfindən Dövlət Yanğından Mühafizə Xidmətində çalışan, 2019-cu ildə 50 və 60 illik yubiley yaşları tamam olan bir qrup əməkdaş fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Sonda tədbir iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş “Son iclas” bədii-sənədli filmi nümayiş etdirilib.
Tədbirdə Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rasim Kərimov və Dövlət Yanğından Mühafizə Xidmətinin bir qrup əməkdaşı iştirak edib.