FHN meşələrin yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib
Bakı, 30 may, AZƏRTAC
Qarşıdan yay fəslinin gəlməsi ilə əlaqədar havanın temperaturunun tədricən yüksəlməsi fonunda istirahət üçün meşə və meşəətrafı ərazilərə üz tutan vətəndaşların sayında kütləvi artım qeydə alınır. Bu isə müxtəlif səbəblərdən meşələrdə yanğınların başvermə riskini xeyli artırır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazirlik tərəfindən ötən illər meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınların səbəblərinin araşdırmalarının təhlili nəticəsində müəyyən edilib ki, meşə yanğınları əsasən bəzi vətəndaşların ən sadə yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibəti və ya məsuliyyətsiz davranışlarından törənib. Ən kiçik ehtiyatsızlıq belə meşə sahələri, flora və fauna, ümumilikdə ətraf mühit və son nəticədə cəmiyyət üçün ağır fəsadlarla nəticələnə bilər.
Qeyd olunanları nəzərə alaraq, FHN əhaliyə, o cümlədən meşə sahələrinə yaxın ərazilərdə yaşayan, təbiət qoynunda istirahətə yollanan vətəndaşlara müraciət edərək onları yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.
Belə ki, meşədə tonqal yalnız xüsusi ayrılmış yerlərdə qalanmalı, bunun üçün ağacaltı, quru ot və kol-kos, ağac qırıntıları olan ərazi seçilməməli, tonqalın ətrafındakı otlar 0,5-1 metr radiusda təmizlənməlidir. Qalanmış tonqal nəzarətsiz qalmamalı və ərazi tərk edilərkən tam söndürülməlidir. Küləkli havada tonqal qalamaq qadağandır.
“Unutmaq olmaz ki, tam söndürülməmiş siqaret kötüyü və kibrit çöpünün, şüşə əşyaların və yanar mayelərlə islanmış materialların ətrafa atılması yanğın təhlükəsi yaradır. Unutmayın ki, qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin!”, - deyə məlumatda bildirilir.