FIFA Sülh Şurası ilə Qəzzada futbol infrastrukturunun bərpasına dair müqavilə imzalayıb
Bakı, 20 fevral, AZƏRTAC
FIFA və Sülh Şurası beynəlxalq liderlərdən və qurumlardan aktiv şəkildə investisiya cəlb etmək, futbolun gücündən istifadə edərək münaqişədən təsirlənən bölgələrdə, xüsusən də Qəzzada bərpa, sabitlik və uzunmüddətli inkişafı dəstəkləmək üçün mühüm tərəfdaşlıq müqaviləsi imzalayıblar.
AZƏRTAC “Emirates” agentliyinə istinadla xəbər verir ki, FIFA prezidenti Canni İnfantino, Qəzza Sülh Şurasının üzvü Yakir Qabay, Qəzza üzrə ali nümayəndə Nikolay Mladenov tərəfindən imzalanan müqavilə Qəzzaya və Fələstinə dünyasəviyyəli infrastruktur, strukturlaşdırılmış icma proqramları və davamlı iqtisadi imkanlar təqdim edərək tam futbol ekosisteminin qurulması üçün uzunmüddətli çərçivə yaradır.
ABŞ Prezidenti Tramp tərəfindən 2026-cı ilin yanvar ayında Dünya İqtisadi Forumunda təqdim edilən plan kövrək bölgələrdə yenidənqurma və sabitliyin təşviq edilməsinə sadiq olan beynəlxalq liderləri və qurumları bir araya gətirir. Əvvəlcə Qəzzaya yönəlmiş Sülh Şurası humanitar yardımı, yenidənqurma səylərini və uzunmüddətli sabitləşməni əlaqələndirir.
“Bu gün FIFA və Sülh Şurası münaqişədən sonrakı ərazilərdə bərpa prosesinə kömək etmək məqsədilə futbola investisiya qoyuluşunu təşviq edəcək mühüm tərəfdaşlıq müqaviləsi imzaladılar”, - deyə İnfantino Donald Tramp adına ABŞ Sülh İnstitutunun qərargahında keçirilən imza mərasimindən sonra bildirib.
O əlavə edib: “FIFA dünyada mümkün qədər çox insanın bizim fəaliyyətimizdə iştirak etməsini və yaratdığı imkanlardan faydalanmasını istəyir. Futbol insanları bir araya gətirir və daha firavan, təhsilli, bərabər və dinc bir dünyaya töhfə verir. FIFA Sülh Şurasının dəstəyi ilə birlikdə hər mərhələdə təsir göstərmək üçün qurulan bu tərəfdaşlığı inkişaf etdirəcək”.
Əməkdaşlığın birinci mərhələsi fiziki yenidənqurmanı sosial və iqtisadi fəaliyyət ilə birləşdirən Qəzzanın hərtərəfli bərpa proqramını təmin etməyi hədəfləyir. İnfrastruktur planına məktəblər və yaşayış sahələrinin yaxınlığında yerləşən 50 minifutbol meydançası, birdən çox rayonda beş tamölçülü arena, ən müasir FIFA Akademiyası və 20.000 yerlik yeni stadionun tikintisi daxildir.
Tikinti ilə yanaşı, proqram iş yerlərinin yaradılmasına, işçi qüvvəsinin ixtisasının artırılmasına, gənclərin iştirakına, qızlar və oğlanların mütəşəkkil liqalara cəlb olunmasına və yerli kommersiya fəaliyyətinin stimullaşdırılmasına üstünlük verir.
İcra çərçivəsi dörd mərhələdən ibarətdir. Birinci mərhələ icmanın aktivləşdirilməsini (3-6 ay), 50 FIFA Arena minimeydançasının quraşdırılmasını, ikinci mərhələ peşəkar infrastrukturun qurulmasını (12 ay), beş tamölçülü meydançanın hazırlanmasını, üçüncü mərhələ, FIFA Akademiyasının (18-36 ay), mükəmməllik mərkəzinin yaradılmasını, dördüncü mərhələ 20.000 yerlik milli stadionun tikintisini (18-36 ay) əhatə edir.
İcra təhlükəsizlik və mühafizə şəraitinin davamlı monitorinqinə uyğun şəkildə davam edəcək.
2025-ci ilin noyabr ayından bəri proqrama FIFA-nın 59 üzv assosiasiyası qoşulub.