FİKİR MÜBADİLƏSİ APARILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, tədbirdə respublikamızı Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Faiq Ələkbərov və beynəlxalq əlaqələr şöbəsinin TRASEKA proqramı və beynəlxalq layihələr bölməsinin müdiri Elmar Fərəcov təmsil etmişlər.
Dəyirmi masada komitəyə üzv dövlətlərin nəqliyyat infrastrukturlarının planlaşdırılması, maliyyələşdirilməsi və layihələrin dəyərləndirilməsi məsələlərinin aktual problemlərinə toxunulmuşdur. İngiltərə, Almaniya, Fransa, İspaniya, Polşa və İtaliya nümayəndələri mövzu ilə bağlı çıxış etmiş, Avropada vahid nəqliyyat siyasətinin formalaşdırılması istiqamətində mühüm təkliflər irəli sürmüşlər.
İştirakçılar öz ölkələrində bu istiqamətdə təcrübə mübadiləsi aparılmasının vacibliyini qeyd etmişlər. Avropada vahid nəqliyyat sisteminin formalaşdırılması ilə bağlı müzakirələrə qoşulmuş təmsilçilərimiz bildirmişlər ki, burada irəli sürülmüş təkliflər respublikamızın Nəqliyyat Nazirliyi tərəfindən araşdırılaraq ölkəmizin nəqliyyat-yol kompleksinin vahid dövlət siyasətinin hazırlanması və infrastrukturunun inkişaf etdirilməsi istiqamətində onların əlverişli variantlarının reallaşdırılmasını planlaşdırır.
Tədbirdə nəqliyyat sahələrinin inkişafı ilə bağlı digər məsələlər ətrafında da geniş müzakirələr aparılmışdır.