Firdovsi Umudov: Azərbaycan Güləş Federasiyasındakı dəyişikliklər qurumun gələcək fəaliyyətinə yeni nəfəs gətirəcək
Bakı, 26 yanvar, AZƏRTAC
Sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımız Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışını davam etdirir. Yanvarın 26-da yığma komandaların mətbuat üçün açıq məşqi keçirilib.
AZƏRTAC xəbər verir ki, məşqdən sonra Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Firdovsi Umudov jurnalistlərin suallarını cavablandırıb.
Birinci vitse-prezident bildirib ki, yunan-Roma güləşçilərimizin bir qismi İranda keçirilən beynəlxalq turnirdə iştirak edir. Fevralın əvvəlində sərbəst güləşçilərimizin də İranda keçiriləcək turnirdə iştirakı gözlənilir. Daha sonra isə yığma komandalarımız Kiyevdə keçiriləcək yarışda iştirak edəcəklər. Orda həm sərbəst, həm qadın, həm də yunan-Roma güləşçilərimiz mübarizə aparacaqlar. Bu il sərbəst güləş yığmamız həm də ABŞ-da keçiriləcək dünya kubokunda qüvvəsini sınayacaqlar. Məhz İran və Ukraynadakı turnirlərdən sonra biz Avropa çempionatında iştirak edəcək heyəti müəyyənləşdirəcəyik.
Həm federasiyanın idarəçiliyində, həm də yığma komandaların məşqçi heyətində müəyyən dəyişikliklər edildiyi deyən Firdovsi Umudov bu dəyişikliklərin Azərbaycan Güləş Federasiyasının gələcək fəaliyyətinə yeni nəfəs gətirəcəyini bildirib.
Qeyd edib ki, dəyişikliklər məşqçilər heyətində də olacaq. Artıq Rövşən Bayramov və Emin Əhmədovu yunan-Roma güləşi üzrə yığmaya məşqçi kimi cəlb etmişik. Sərbəst güləşdə də gənc kadrlarımıza - Əşrəf Əliyev və Yaşar Əliyevə üstünlük vermişik. Onlar daha enerjili və istəklidirlər. Öz bilik bacarıqlarını yığma komandada davam etdirəcəklər. Hədəfimiz dövlətimiz, millətimiz üçün çalışmaqdır. Ölkə rəhbərliyi səviyyəsində bütün idman növlərinə nəzarət olunur. Güləş isə xüsusi nəzarətdədir. Ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı bizi daha da ruhlandırır, qələbəyə sövq edir. Biz də çalışıb, etimadı doğrultmalı, nəticələrimizlə hamını sevindirməliyik.
Məşqçi və idmançı heyəti ilə görüşdüyünü deyən Firdovsi Umudov göstərilən etimadı doğrultmaq üçün çalışacağını deyib: “Federasiya prezidentinin mənə göstərdiyi etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm. Əsas hədəflərimizdən biri yığmada dəmir nizam-intizamın olmasıdır. Bu, uğurun əsas “açarıdır”. Bunu idmançılarımıza da demişəm. Hər bir idmançı üçün ölkəsinin bayrağını dalğalandırmaq böyük şərəf olmalıdır”.