Firəngiz Əlizadənin musiqisi Avropanın ən mötəbər konsert salonlarında səslənir
Bakı, 24 noyabr, AZƏRTAC
Amsterdamda “Şövq” əsərinin Cellobiennale-X festivalında uğurlu premyerasından sonra istedadlı avstriyalı violonçel ifaçısı Kian Soltani Avropa konsert səfərlərində azərbaycanlı bəstəkar Firəngiz Əlizadənin musiqisini ifa etməyə davam edir.
AZƏRTAC xəbə verir ki, televiziya kanallarında və dövri mətbuatda Kian Soltaninin konsert səfərləri geniş işıqlandırılır. O, mütəmadi olaraq Firəngiz Əlizadənin məşhur “Habil Sayağı” əsərini ingilis pianoçusu Benjamin Grosvenor ilə birlikdə təqdim edir. Həmçinin Kian Soltani Firəngiz Əlizadənin daha bir əsəri — “Aşk havası”nı da ilhamla səsləndirir. Bu duet konsertlər artıq Berlin, Münxen, London və Turində keçirilib.
Sevindirici haldır ki, violonçel ifaçılığının yeni ulduzu - Kian Soltani öz repertuarına Firəngiz Əlizadənin “Mərsiyə” adlı Violonçel Konsertini də daxil etmək niyyətindədir.