Fizika İnstitutunun əməkdaşı işğaldan azad olunan ərazilərdə tədqiqat işlərinə cəlb edilib
Bakı, 30 aprel, AZƏRTAC
Fizika İnstitutunun Nanomaterialların tətbiqi texnologiyaları laboratoriyasının rəhbəri, dosent Nahidə Musayeva işğaldan azad olunan Füzuli və Cəbrayıl rayonlarında mənfur düşmən tərəfindən piyada və tank əleyhinə minalanmış sahələrdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları ilə görüşüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqsəd həmin ərazilərə yeni texnologiyaların tətbiqinin mümkünlüyünü araşdırmaq və bu fəaliyyətlə bilavasitə məşğul olan insanların həyati risklərini maksimum azaltmaq və minalardan təmizlənmə prosesini sürətləndirməkdir. Görüş çərçivəsində minalanmış ərazilərin tədqiqi, onların ənənəvi standart üsullarla təmizlənməsi prosesi izlənilib. Ağır texnika (Bozena-4, Bozena-5, MV-4) minatəmizləyən maşınların iş prinsipi müzakirə olunub.