Fizika İnstitutunun əməkdaşları beynəlxalq mükafata layiq görülüblər
Bakı, 6 sentyabr, AZƏRTAC
Mütəmadi olaraq təşkil olunan “Bəşəriyyət üçün elmin inkişafı” tədbiri çərçivəsində Çinin paytaxtı Pekində Fundamental Elmlər Beynəlxalq Konqresi (International Congress of Basic Science, ICBS) keçirilib.
Konqresdə Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşlarının - akademik Nazim Məmmədov, fizika-riyaziyyat elmləri doktorları Nadir Abdullayev, İmaməddin Əmiraslanov və kimya elmləri doktoru Ziya Əliyevin bir sıra ölkələrin alimləri ilə həmmüəllif olduqları “Materiyanın yeni kvant halı - antiferromaqnit topoloji izolyator” adlı məqalə beynəlxalq mükafata layiq görülüb.
Bu barədə AZƏRTAC-a Fizika İnstitutundan məlumat verilib. Qeyd edilib ki, laureatların həmmüəllif olduqları elmi məqalə 2019-cu il dekabrın 18-də “Nature” jurnalında dərc olunub və ona olan istinadların sayı 100-ü keçib. Məqalənin mükafata layiq görülməsi dünya elmi ictimaiyyətinin azərbaycanlı alimlərin fəaliyyətinə verdiyi yüksək qiymətdən xəbər verir.
Fundamental Elmlər Beynəlxalq Konqresi son beş ildə çap olunmuş yüksək fundamental elmi dəyərə malik olan nailiyyətləri və ən yaxşı tədqiqatları qiymətləndirir. Konqres fundamental elmlərin üç sahəsini - riyaziyyat, nəzəri fizika, kvant kompüter və informasiya elmlərini əhatə edir.