Fizika üzrə Nobel mükafatı laureatı Bakı Dövlət Universitetində olmuşdur
Bakı, 2 noyabr (AZƏRTAC). Noyabrın 2-də Bakı Dövlət Universitetində (BDU) fizika üzrə Nobel mükafatı laureatı, professor Corc Smut ilə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov bildirmişdir ki, professor Corc Smut Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş məşhur alimlərdən biridir. Forumun əhəmiyyətindən danışan rektor demişdir ki, tədbir çərçivəsində keçirilmiş “dəyirmi masa”larda elmin müxtəlif sahələri üçün son dərəcə dəyərli və aktual məsələlər müzakirə edilmiş, dünyada əldə olunmuş elmi nailiyyətlər barəsində ətraflı məlumat verilmişdir. Dünyanın məşhur alimlərinin, o cümlədən 15 Nobel mükafatçısının Bakıya gələrək zəngin təcrübələrini bir-birləri ilə bölüşdüklərini qeyd edən A.Məhərrəmov Forumda aparılan müzakirələrin öz bəhrəsini verəcəyinə əminliyini bildirmişdir.
İnnovasiyaların tədris ilə əlaqələrindən söz açan rektor müxtəlif elm sahələri üzrə Nobel mükafatçılarının ölkəmizin ali məktəblərində mühazirələr oxuduqlarını söyləmişdir.
Daha sonra professor Corc Smut BDU-nun fizika və kimya fakültələrinin müəllim və tələbələri üçün mühazirə oxumuşdur. Məşhur alim tədbir iştirakçılarının mövzu ilə bağlı suallarını ətraflı cavablandırmışdır.
BDU-nun nanoaraşdırmalar laboratoriyasında olan qonaq burada aparılan elmi tədqiqat işləri ilə yaxından tanış olmuş, onları yüksək qiymətləndirmişdir. Professor Corc Smut tədqiqat işlərinin elm tutumlu istehsal sahələri ilə əlaqələrinin qurulması istiqamətində məsləhətlər vermişdir.
Universitetdə səmimi görüşdən razılığını bildirən amerikalı alim BDU-nun rəhbərliyinə və kollektivə minnətdarlığını çatdırmış, uğurlar arzulamışdır.