Fizika və rus dili fənləri üzrə imtahanlarda istifadə edilmiş tapşırıqlar təhlil edilib
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 4-də Dövlət İmtahan Mərkəzində fizika və rus dili (rus bölməsi) fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, fizika fənninə dair iclasın gündəlik məsələsi avqustun 20-də ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - I və IV ixtisas qrupları üzrə istifadə edilmiş tapşırıqların elmi-metodik baxımdan müqayisəli təhlili olub.
İclasda 10 qapalı tipli tapşırığın hər biri (I ixtisas qrupu üzrə 36-45 saylı, IV ixtisas qrupu üzrə 66-75 saylı) aid olduğu mövzu, mürəkkəblik dərəcəsi, statistik göstəricilər, tədris olunduğu sinif, hansı altstandart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi baxımından müzakirə edilib. Redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.
Müzakirələr nəticəsində tapşırıqların ali təhsil müəssisələrinə qəbul imtahanı proqramına uyğunluğu, abituriyentlərin bilik və bacarıqlarını obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verməsi bir daha öz təsdiqini tapıb.
Statistik göstəricilər əsasında aparılmış bu müzakirələrdə, həmçinin abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyən edilib. Bu tapşırıqların izahlarına dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq.
Rus dili fənni üzrə iclasın gündəlik məsələsi ali təhsil müəssisələrinə qəbul imtahanı proqramının müzakirəsinin davamı olub. Proqramın təkmilləşdirilməsində təkliflər nəzərə alınıb.
Noyabrın 11-də keçiriləcək iclaslarda müzakirələr davam etdiriləcək.