Fiziologiya İnstitutu beynəlxalq əlaqələrini genişləndirir
Bakı, 22 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu və Səudiyyə Ərəbistanının Orqan Transplantasiyası Mərkəzi arasında imzalanmış qarşılıqlı əməkdaşlıq haqqında saziş çərçivəsində məsul şəxslərinin ikitərəfli onlayn konfransı keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Fiziologiya İnstitutunun direktoru tibb elmləri doktoru, professor Ulduz Həşimova transplantologiyanın əsas problemlərinin, xüsusən də immun tolerantlığın həllində elmi yanaşmanın tətbiqinin zəruriliyindən danışaraq, prioritet istiqamətlər üzrə gələcək əməkdaşlığın əsas strategiyaları barədə iştirakçıları məlumatlandırıb.
İmmunofiziologiya və eksperimental fiziologiya laboratoriyasının müdiri Rəşad Şolan eksperimental transplantologiya sahəsində gördüyü işlərlə bağlı təqdimatla çıxış edib.
İclasda Fiziologiya İnstitutunun baş elmi işçisi Aliya Qaysina transplantologiya problemlərinin həlli üçün zəruri olan elmi üsullardan danışıb.
Səudiyyə Ərəbistanı Orqan Transplantologiya Mərkəzinin klinik xidmətlər üzrə icraçı direktoru tibb elmləri doktoru, nevroloq Beşer Əl-Attar rəhbərlik etdiyi qurumun işi barədə dinləyicilərə məlumat verib və eksperimental modellərdə innovativ üsullarla immunotolerantlıq üzrə birgə tədqiqatların aparılmasının marağında olduğunu bildirib.
Konfransın yekun nəticəsi kimi transplantologiya sahəsində birgə tədqiqatların aparılması üçün tərəflər arasında əməkdaşlıq memorandumunun imzalanması qərara alınıb.