Folklor İnstitutunun yarımillik fəaliyyəti yüksək dəyərləndirilib
Bakı, 23 iyun, AZƏRTAC
AMEA Folklor İnstitutunun Elmi şurasında 2023-cü ilin I yarısı üzrə elmi-tədqiqat və elmi-təşkilati fəaliyyəti barədə hesabat dinlənilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. İclası açan institutun baş direktoru akademik Muxtar İmanov vurğulayıb ki, 2023-cü ildə müəssisə bir neçə istiqamətdə fəaliyyət göstərərək qeyri-maddi mədəni irsin toplanması, nəşri və tədqiqi, eləcə də elmi təşkilatçılıq, beynəlxalq əlaqələrin genişləndirilməsi və s. sahələrdə uğurlar əldə edib.
Sonra institutun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasov elmi müəssisənin 2023-cü ilin I yarısı üzrə elmi-tədqiqat və elmi-təşkilati fəaliyyəti barədə hesabatını iclas iştirakçılarının diqqətinə çatdırıb. Hesabat Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarları və dövlət proqramlarının icrası, elmi-tədqiqat planları, xarici əlaqələr, elmi tədbirlər, xaricdə keçirilən beynəlxalq tədbirlərdə iştirak, AMEA-nın müvafiq qərar və sərəncamlarının icrası, elektron elmin vəziyyəti, kadr hazırlığı, sosial fəaliyyət, nəşrlər, təltif və mükafatlarla bağlı məsələləri əhatə edib. Qeyd olunub ki, cari ilin I yarısında institutun təşkilatçılığı ilə beş elmi konfrans keçirilib. Özbəkistan və Qazaxıstanın elmi müəssisələri ilə əməkdaşlıq əlaqələri qurulub. İnstitutun dörd əməkdaşı fəlsəfə doktoru, iki əməkdaşı elmlər doktoru elmi dərəcəsinə layiq görülüb, bir nəfərə isə professor elmi adı verilib.
İnstitutun Mərasim folkloru şöbəsinin müdiri Ağaverdi Xəlil, Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri Leyla Məmmədova və Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri adından şöbənin aparıcı elmi işçisi Qiymət Məhərrəmli çıxış edərək cari ilin I yarısı üçün olan hesabatı qənaətbəxş hesab edib, təmsil etdikləri şöbələrin fəaliyyət istiqamətləri, görüləcək işlər barədə məlumat veriblər.
Daha sonra iclasda müşahidəçi qismində iştirak edən AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə Folklor İnstitutunun 2023-cü ilin I yarısı üzrə elmi-tədqiqat və elmi-təşkilati fəaliyyəti barədə hesabatını yüksək dəyərləndirib. O, institutun bölgələrimizin folklorunu toplayaraq çoxcildlik toplu şəklində nəşr etdirməsini böyük nailiyyət hesab edib.
İnstitutun baş direktoru akademik Muxtar İmanov cari ilin növbəti yarımilində də Folklor İnstitutu kollektivinin qarşıya qoyulan məsələlərin həllində inamla çalışacağına əminliyini bildirib. İnstitutun elmi-tədqiqat və elmi-təşkilati fəaliyyəti barədə yarımillik hesabatı qənaətbəxş sayılaraq yekdilliklə qəbul olunub.