Folklorşünas alimin həyat və yaradıcılığına ayna tutan mənəvi abidə
Bakı, 20 iyun, AZƏRTAC
Professor Sədnik Paşa Pirsultanlı təpədən-dırnağa canlı folklorun özü idi. Həm folklorçu idi, həm folklorşünas. Folklorçu idi o mənada ki, onun sinəsi folklor xəzinəsinin beşiyi idi. Həm eşidib-bildiyi folklor örnəklərini yaddaşında yaşadırdı, həm də bir nurani, pirani insan kimi folklorumuzun daşıyıcısı idi. Folklorşünas idi o mənada ki, bildiyi, eşitdiyi və özündə, səsində, sözündə yaşatdığı folklor xəzinəsinin bir alim kimi xiridarı idi. Folklor materiallarının, mətnlərinin mahiyyətinin folklorşünas kimi dərindən-dərinə nədən ibarət olduğunun izahını verə bilirdi. Neyləmək olar ki, bu dünyadakı cismani ömür əbədilik deyil.
Bu yaddaş güzgüsünü onun övladı - AMEA-nın Folklor İnstitutunun böyük elmi işçisi Sahibə Sədnikqızı “Alim ömrü (professor Sədnik Paşa Pirsultanlının yaradıcılıq dünyası)” adlı kitabda maddiləşdirməklə ona əbədi abidə qoydu.
Bu fikirləri AZƏRTAC-a kitabın rəyçilərindən biri, Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyev bildirib. O qeyd edib ki, professor Seyfəddin Rzasoyun redaktorluğu, filologiya üzrə fəlsəfə doktorları Elxan Məmmədli və Atif İslamzadənin rəyləri əsasında işıq üzü görən bu nəfis tərtibatlı kitab Sədnik müəllimin həyatına və yaradıcılığına ayna tutan bir mənəvi abidədir. Seyfəddin Rzayoy kitaba yazdığı “Yaşayan əfsanə: Sədnik Paşa Pirsultanlı” adlı “Ön söz”də alimin obrazını çox təsirli duyğularla belə ifadə edir: “Sədnik Paşayev - Sədnik Paşa Pirsultanlı! Bu imza Azərbaycan folklorşünaslığı və ümumən humanitar-filoloji fikrinin yaddaşına əbədi olaraq yazılıb. Milli folklorşünaslıq elmimizi S.P.Pirsultanlıdan kənarda təsəvvür etmək mümkün deyildir. O, müasir Azərbaycan folklorşünaslığının əbədiyaşar əfsanəsidir... S.P.Pirsultanlı bütün ömrünü folklor aləmində yaşadı. Zaman-zaman folklor yurdundan uzaq düşəndə bağrının başı göynədi. Daşkəsən dağlarını görmək üçün ürəyi çırpındı. Göygölün sükutunu dinləmək, ruhuna çiləmək üçün vətənə doğru əsən rüzgarlara qoşuldu. O, folklordan ayrı dura bilmədi: dağların, meşələrin insanı sehrə salan sükutunu Bakının səs-küyünə, göz qamaşdıran işıqlı gecələrinə dəyişə bilmədi, folklorun həsrətlisi olaraq qaldı... Alim ömrünü Gəncədə yaşadı: insan ömründə sazdan, sözdən bir an belə uzaq düşməmək üçün...”
“Doğrudan da, kitabı izlədikcə biz Sədnik müəllimin parlaq obrazını bütövlüyü ilə görürük. Sahibə xanım bu kitabı məsuliyyətlə, həm də böyük iftixar duyğusu ilə qələmə alıb oxuculara təqdim etməyə nail olub. Bax elə bu hisslərin bəhrəsidir kitabı maraqlı, oxunaqlı edən. Kitabın oxunaqlılığının bir sirri də elə buradadır. Kitab haqda nə qədər söyləsəm, yenə azdır. Bir onu deyirəm ki, kitab Sədnik Paşa ömrünə yaraşan ləyaqətli mənəvi övlad abidəsidir. O abidədən Sədnik Paşa dünyası bütövlüyü ilə görünür”, - deyə Ş.Albalıyev əlavə edib.