Formula 1 yarışlarının Azərbaycana gətirəcəyi iqtisadi faydalara dair müzakirələr aparılıb YENİLƏNİB
Bakı, 4 mart, Ramiz Quliyev, AZƏRTAC
Martın 4-də “Synergy” şirkətinin təşkilatçılığı ilə Formula 1 yarışlarının ölkəmizə gətirəcəyi sosial-iqtisadi faydalar barədə müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya şöbəsinin rəhbəri, milli mətbuat katibi Nigar Arpadarai Formula 1 yarışlarının Azərbaycan iqtisadiyyatına verəcəyi səmərə barədə danışıb.
Azərbaycan Turizm Bürosunun (ATB) baş icraçı direktorunun müavini Bəhruz Əsgərov isə Formula 1 yarışlarının respublikamızda turist axınına təsirindən və bu sahədən gələn gəlirdən söhbət açıb. Qeyd edib ki, təmsil etdiyi qurumun qarşısında bir sıra vəzifələr qoyulub. Onlardan başlıcası isə Azərbaycanda turizmin inkişafı ilə bağlı bir sıra yenilik və layihələrin reallaşdırılması, ölkəmizi dünyada Qafqazın ən cəlbedici turizm regionuna çevirməkdir. Bu proseslərin 2023-cü ilədək həyata keçirilməsi planlaşdırılır. Eyni zamanda, 2023-cü ilin sonuna qədər ATB Azərbaycana gələn turistlərinin sayının 4 milyona çatdırılması istiqamətində məqsədyönlü işlər aparacaq: “Bu prosesləri həyata keçirmək üçün strategiya hazırlanıb. Həmçinin turizm haqqında qanunun üzərində çalışırıq. Hazırda yalnız Bakı deyil, respublikanın bəzi bölgələrində - Şəkidə, Xınalıqda və İsmayıllıda (Basqal) yeni infrastruktur layihələri həyata keçirilib. Əsas məqsəd Azərbaycandakı turizm regionlarına daha çox turisti cəlb etməkdir”.
B.Əsgərov diqqətə çatdırıb ki, dünyada ən möhtəşəm idman yarışlarından biri sayılan Formula 1-i hər il 400 milyonadək insan izləyir. İllik isə bilet satışından təqribən 33 milyon dollar gəlir əldə edilir. Bu, həm də turist axınının güclənməsi, yeni iş yerlərinin açılması, infrastrukturun daha da təkmilləşdirilməsində əhəmiyyətli rol oynayır.
Azərbaycana gələn turistlərin qalma müddətinin artırılması istiqamətində ATB cari ildən etibarən yeni turizm kampaniyasına başlayacaq. Bu baxımdan xüsusi marşrutlar hazırlanacaq: “Belə ki, azarkeşlər adətən yarışla bağlı Bakıda 3-4 gün qalır, onlara regionlarımızı da görmək üçün ümumilikdə 7 günlük turpaketlər təklif olunacaq. Artıq gələn ildən reallaşdırılacaq yeni marketinq kampaniyasında bu, özünü göstərəcək”.
Tədbirdə qeyd olunub ki, Formula 1 əsasən hər il olmaqla, 5 qitənin 21 ölkəsində keçirilir. Ümumi auditoriyanın sayı 1,17 milyarddır.
Bakıda ötən il keçirilən Formula 1-in auditoriyası isə 82 milyon nəfər təşkil edib. Bu, sırf canlı yayımla TV qarşısında izləyənlərdir. Ümumiyyətlə isə paytaxtda bu idman yarışı ilə bağlı izləyici sayında hər il 30 faiz artım olub. Azərbaycan 3 Qran-Pri keçirib ki, onlardan da 2-si dünya üzrə ən yaxşısı hesab edilib.
Yarışların ölkəmizə iqtisadi səmərəsi məsələsinə də toxunulub. Diqqətə çatdırılıb ki, Qran-Pridən sonra ölkəmiz 277,3 milyon dollar gəlir əldə edib. Bu məbləğin 164,2 milyon dolları birbaşa gəlirlərdir. Onun böyük hissəsi - 22,7 milyon dolları turizm, nəqliyyat və mehmanxanaların payına düşür. Yarışların başlanmasına hələ 2 ay qalmasına baxmayaraq, hazırda paytaxt mehmanxanalarının 90 faizi tutulub. Dolayı gəlirlərin ümumi məbləği isə 113,1 milyon dollar təşkil edir.
Sonra Formula 1 yarışları ilə əlaqədar videoslaydlar nümayiş etdirilib, jurnalistlərin sualları cavablandırılıb.