RƏSMİ XRONİKA
FRANSA İCTİMAİYYƏTİNİN VƏ DİPLOMATİK KORPUSUN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, yanvarın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Paris şəhər meriyasında Fransa ictimaiyyətinin və diplomatik korpusun nümayəndələri ilə görüşü keçirilmişdir.
Meriyanın “Bayramlar” salonuna toplaşanlar Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətli alqışlarla qarşıladılar.
Azərbaycanın, Fransanın, eləcə də meriyanın himnləri səsləndirildi.
Görüşü Paris şəhərinin meri Bertran Delanoe açdı. O, ali qonağı və xanımını, habelə dövlətimizin başçısını müşayiət edən nümayəndə heyətini salamladı, bu görüşü özləri üçün tarixi hadisə adlandırdı. Azərbaycanın 1991-ci ildə müstəqilliyini əldə etdiyi zaman Fransanın ölkəmizi tanıyan ilk ölkələrdən olduğunu bildirdi. Mer xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətlərini, ölkələrimiz arasında əlaqələrin inkişafındakı rolunu xatırlatdı və hazırda qarşılıqlı münasibətlərin Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini söylədi. Bertran Delanoe Azərbaycan xalqının keçdiyi şərəfli tarixi yoldan, ölkəmizdə demokratik cəmiyyətin formalaşdırılması üçün görülən tədbirlərdən, habelə Azərbaycanın üzləşdiyi çətinliklərdən söhbət açdı. O dedi ki, Fransa Ermənistanla Azərbaycan arasında sülhün yaranacağına əmindir.
Paris şəhərinin meri Azərbaycanı inkişaf edən dövlət kimi səciyyələndirərək dedi ki, iqtisadi inkişaf sürətinə görə ölkə dünyada birinci yeri tutur. Bakı ilə Paris arasında iqtisadi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıq zəruridir. Mer vurğuladı ki, Azərbaycanın Avropaya inteqrasiya siyasəti dəstəklənir və Azərbaycan Avropa üçün mühüm ölkəyə çevrilir.
Sonra dövlətimizin başçısı görüş iştirakçıları qarşısında nitq söylədi.