RƏSMİ XRONİKA
FRANSA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB NİKOLA SARKOZİYƏ
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Bastiliyanın alınması günü münasibətilə Sizi və Sizin simanızda bütün Fransa xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Fransa münasibətlərinin bu gün hərtərəfli və dinamik inkişafı böyük məmnunluq doğurur. Daim genişlənən əlaqələrimiz, mədəni, humanitar, siyasi və iqtisadi sahədə qarşılıqlı maraq doğuran faydalı əməkdaşlığımız münasibətlərimizin hazırkı vəziyyətinin səciyyəvi cəhətlərindəndir.
Fransa xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində də ATƏT-in Minsk qrupunun həmsədri kimi fəal iştirak edir. Ümid edirik ki, Azərbaycana qarşı təcavüzün aradan qaldırılması, torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və qaçqınlarımızın doğma yurd-yuvalarına qayıtması üçün Fransa bundan sonra da səylərini davam etdirəcəkdir.
Bu xoş məqamda bir daha Sizə öz təbriklərimizi yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Fransa xalqına sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 3 iyul 2007-ci il.