ŞƏRH
Fransa sülh və təhlükəsizliyə xələl gətirən siyasətindən imtina etməlidir - RƏY
Bakı, 18 sentyabr, AZƏRTAC
Rəsmi Paris Ermənistanın silahlandırılmasını özünün əsas xarici siyasət kursu elan edib. Müasir Ermənistan Fransa hərb sənayesinin nəhəng deposuna bənzəyir.
AZƏRTAC-ın xəbərinə görə, bu fikirləri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsini icra edən polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Fransa tərəfindən Ermənistanın ölümcül silahlarla təchiz edilməsi Cənubi Qafqazda mövcud vəziyyəti gərginləşdirməyə xidmət edir:
“44 günlük Vətən müharibəsindən sonra Fransa Ermənistanı silahlandırma kursunu öz üzərinə götürüb. Bu günlərdə mətbuatda yer alan məlumatlarda vurğulandı ki, Fransa Ukraynada istehsal etdiyi hərbi sənaye məhsullarının 30%-ə qədərini Ermənistan üçün ayırır. Bu, olduqca böyük rəqəmdir və Fransanın Ermənistanı silahlandırmaq tempini durmadan artırmasının göstəricisidir. Həmçinin bütün bunlar göstərir ki, rəsmi Paris Ukraynada olduğu kimi, dünyanın digər bölgələrində də qaynar nöqtələrin yaradılmasında maraqlıdır.
Fransanın Ermənistanı silahlandırması, onu müasir hərbi-sənaye məhsulları ilə təmin etməsi Cənubi Qafqazda vəziyyəti gərginləşdirməkdə, hərbi qarşıdurma ehtimalını artırmaqdadır. Əgər bölgədə hər hansı qarşıdurma baş verərsə, bunun məsuliyyəti İrəvanla yanaşı, həm də rəsmi Parisin üzərinə düşəcək”, - deyə polkovnik qeyd edib.
Cəlil Xəlilov bildirib ki, Fransa Ermənistanı silahlandırmaq siyasətindən imtina etməli, sülh prosesinə zərər vurmaqdan əl çəkməlidir:
“Üçtərəfli Bəyanatın imzalanmasından bir neçə il ötsə də, Ermənistan sülh müqaviləsini imzalamaq istəmir, bundan müxtəlif vasitələrlə yayınmağa çalışır. Rəsmi İrəvanı sülhdən çəkindirən, onu təxribat və avantüralara həvəsləndirən əsas amillərdən biri isə Fransanın ona göstərdiyi hərbi-siyasi yardımdır. Məhz bu kimi yardımlar Ermənistanda revanşizm əhvali-ruhiyyəsinin alovlanmasına təkan verir, yeni qarşıdurma riskini yüksəldir. Buna görə də Fransa bu məsələdə öz məsuliyyətini dərk etməli, sülh və təhlükəsizliyə xələl gətirən silahlandırma siyasətindən imtina etməlidir. Əks təqdirdə, bu, Fransa tərəfindən yalnız Azərbaycan xalqına deyil, bütün insanlığa və bəşəriyyətə qarşı cinayət demək olacaq”.