DÜNYA
Fransa Ukraynaya dəstək üçün Rusiyanın 1,4 milyard avro vəsaitini müsadirə edir
Paris, 9 sentyabr, AZƏRTAC,
Fransa Ukraynaya dəstək üçün 1,4 milyard avroluq Rusiya aktivlərini müsadirə edəcəyini bildirib.
Silahlı Qüvvələr Nazirliyinin mətbuata açıqlamasında Fransanın digər üzv dövlətlərlə birlikdə Avropa Sülh Mexanizmini (FEP) dəstəkləyən yeni tədbirində iştirak edəcəyi yazılıb.
Nazirlik bu təşəbbüslə Rusiyanın immobilizasiya edilmiş aktivlərindən 1,4 milyard avronu müsadirə edəcəyini yazıb. Bu vəsaitin Ukraynaya hərbi texnikanın alınmasına, xüsusən də sursat, artilleriya və hava hücumundan müdafiə sahələrində istifadə olunacağı qeyd edilib. Fransa Silah Baş İdarəsinin bu vəsaitlə tez bir zamanda 2024-cü il üçün 300 milyon avro dəyərində avadanlıq alacağı bildirilib.
Mətbuat açıqlanmasında qeyd edilir ki, Ukraynaya dəstək üçün Rusiya aktivlərinin müsadirə edilməsi Fransa sənayesinin yüksəlişini davam etdirmək üçün bir fürsətdir.
Xatırladaq ki, 2021-ci ildə FEP hərbi əməliyyatlar və yardım tədbirləri vasitəsilə beynəlxalq təhlükəsizliyi gücləndirmək məqsədilə yaradılıb.