Fransada güclü istilər səbəbindən məktəblər bağlanıb, bəzi imtahanlar təxirə salınıb
Paris, 22 iyun, AZƏRTAC
Fransada bu gündən bəzi bölgələrdə temperaturun 40°C-yə yaxınlaşacağı gözlənilir. Bu səbəbdən Təhsil Nazirliyi şagirdlərin və təhsil işçilərinin təhlükəsizliyini təmin etmək üçün xüsusi tədbirlər həyata keçirir. Təhsil naziri Eduard Jefre bildirib ki, iqlim dəyişiklikləri fonunda ölkə təhsil sistemini yeni hava şəraitinə uyğunlaşdırmalıdır.
AZƏRTAC xəbər verir ki, nazirin sözlərinə görə, bazar ertəsi ölkə üzrə 60 min məktəb və kollecdən 845-i müvəqqəti bağlanacaq, təxminən 1 800 təhsil müəssisəsi isə dərs saatlarını dəyişdirərək şagirdləri günün ən isti vaxtından əvvəl evə göndərəcək.
İmtahan dövrünə də təsir edən istilər səbəbindən Poatye, Bordo, Lyon, Monpelye və Nantda 5 mindən çox şagirdin buraxılış şifahi imtahanları təxirə salınıb. Təhsil Nazirliyi bildirib ki, bütün namizədlər yeni tarixlərlə bağlı məlumatlandırılıb və imtahanlar ən gec bir həftə ərzində keçiriləcək. Bir sıra şəhərlərdə məktəblər tam və ya qismən fəaliyyətini dayandırıb. Tur şəhərində bütün məktəblər bazar ertəsi və çərşənbə axşamı günortadan sonra bağlı olacaq. Oser, Tuluz və digər bölgələrdə isə dərslər qısaldılıb, şagirdlər üçün sərinləşdirici avadanlıqlar və əlavə fasilələr nəzərdə tutulub.
Bəzi məktəblər valideynlərə uşaqları evdə saxlamaq imkanı da verib. Bununla yanaşı, təhsil müəssisələri fəaliyyətini davam etdirir və şagirdləri qəbul etməyə hazır olduqlarını bildirirlər.
Paytaxt Parisdə isə temperaturun 40°C-yə çatacağı gözlənildiyindən, şəhər rəhbərliyi məktəblər üçün 1 200 kondisioner sifariş edib. Onlardan ilk 150-si ən isti hesab olunan uşaq bağçalarına və məktəblərə yerləşdiriləcək. Şəhər rəhbərliyi, həmçinin bütün bağçalarda ventilyator və soyutma sistemlərinin quraşdırıldığını açıqlayıb.
Fransa hökuməti hesab edir ki, gələcəkdə daha tez-tez baş verəcək istilik dalğaları fonunda təhsil sistemi uzunmüddətli uyğunlaşma tədbirlərinə ehtiyac olacaq.